1 USD =
3.1244 GEL
1 EUR =
3.7174 GEL
1 TRY =
0.3713 GEL
100 RUB =
4.2829 GEL
1 AZN =
1.8391 GEL
31 
Mar
2021
21:36
368

1918-ci il 31 mart soyqırımı dövrün gürcü mətbuatında

Rusiya imperiyası daxilində uzun sürən sosial-siyasi gərginlik, anarxiya, xaos və idarəçilik sistemində yaranmış böhran nəticəsində 25 oktyabr 1917-ci ildə (yeni təqvimlə noyabrın 7-də) paytaxt Petroqradda hakimiyyət bolşeviklər və solçu eserlərin (sosialist-inqilabçılar) əlinə keçir. Beləliklə, dünyada ilk sosialist dövlət - Rusiya Sovet Respublikası (RSR) elan olunur. Həmin proseslər tarixşünaslığa fərqli ideoloji prizmalar və yanaşmalardan asılı olaraq “Böyük Oktyabr sosialist inqilabı”, “Oktyabr çevrilişi”, “Böyük Rus İnqilabı”, “Bolşevik çevrilişi” adı altında düşmüşdür.

Oktyabr hadisələrinin siyasi-ictimai təsir dairəsi tez bir zamanda Cənubi Qafqaza da yayılaraq ilk növbədə Bakı şəhərini öz ağuşuna alır. Belə ki, bolşeviklərin Rusiyada hakimiyyətə gəlməsindən bir həftə keçməmiş – oktyabrın 31 - də (yeni tarixlə noyabrın 13-də) erməni əsilli marksist-millətçi Stepan Şaumyanın yaratdığı, tərkibi və rəhbər heyəti ermənilərdən və ruslardan ibarət olan Bakı fəhlə və əsgər deputatları Soveti (Bakı Soveti) Bakı şəhərində və şəhərətrafı məntəqələrdə bütün hakimiyyətin onun səlahiyyəti çərçivəsinə keçməsi haqqında qətnamə qəbul edir. Bir qədər sonra, Bakı Sovetinin noyabrın 2 (15)-də keçirilmiş iclasında isə “Müsavat” partiyasının və şəhərdə nüfuz sahibi olan digər təşkilatların dəstəyini alan bolşeviklər Sovetin İcraiyyə Komitəsinin Bakıda ali hakimiyyət orqanı elan edilməsinə nail olurlar. Qeyd edək ki, müsavatçılar xalqların öz müqəddəratını təyin etməsinə şərait yaradacağına inanaraq Oktyabr çevrilişinə loyal münasibət bəsləyirdilər.

Rusiya Sovet hökuməti ilə sıx əlaqədə olan S. Şaumyan və onun sədrlik etdiyi Bakı Soveti İcraiyyə Komitəsi Bakını Azərbaycandan ayırmaq, onu Rusiya şəhərinə çevirmək siyasəti yürüdürdü. Yerli türk-müsəlman əhalisi arasında dayağı olmayan bu qurum şəhərdəki erməni millətçiləri ilə sıx əməkdaşlıq edirdi.

1917-ci il dekabrın 18 (31)-də RSR Xalq Komissarları Şurasının sədri V.İ.Ulyanov (Lenin) S.Şaumyanı Qafqaz məsələləri üzrə fövqəladə komissar təyin edir. Bundan sonra bolşeviklər Cənubi Qafqazda bütövlükdə hakimiyyəti ələ keçirmək üçün daha da fəallaşırlar. S.Şaumyan 1918-ci ilin yanvar ayında Tiflisə gəlib burada bolşevik özəkləri yaratmağa cəhd göstərsə də, uğur qazana bilmir və şəhərdən qaçmaq məcburiyyətində qalır.

1918-ci ilin əvvəllərində Cənubi Qafqazda siyasi-ictimai vəziyyət, xüsusən də bolşeviklərin radikal fəaliyyəti Tiflisin gürcüdilli mətbuatı tərəfindən diqqətlə izlənilirdi. Gürcüstan Milli-Demokrat Partiyasının mətbu orqanı “Sakartvelo” və Gürcüstan Sosial-Demokrat Fəhlə Partiyasının aparıcı yayım orqanı olan “Ertoba” kimi geniş oxucu auditoriyasına malik qəzetlərdə müntəzəm olaraq bu məzmunda xəbərlər, təhlil xarakterli materiallar, guşə yazıları çap olunurdu.

Bakıdan sonra bolşeviklərin hədəfində Cənubi Qafqazın digər bölgələrinin dayandığını yaxşı bilən gürcü siyasiləri və jurnalistləri 1918-ci ilin başlanğıcında S.Şaumyanın Tiflisə gəlişinin gözlənilən təhlükənin ilk işarələri olduğu barədə həyəcan təbili çalırdılar. “Ertoba” qəzetinin 26 yanvar 1918-ci il tarixli sayının üz səhifəsində çap olunmuş “Avantüra gözləntisində” başlıqlı yazıdan parçalar:

“Bolşeviklər Zaqafqaziyada (Transqafqazda) onların rəhbərlərinin Petroqradda etdiklərini təkrarlamaq istəyirlər... Onların lideri Şaumyan “Kavkazski raboçi”nin dünənki sayında belə sensasiyalı bəyanat çap edib: “1917-ci ilin 18 dekabrında Petroqrad xalq komissarları şurası məni Qafqaz üzrə fövqəladə komissar təyin edibdir. İndi Tiflisə gəlmişəm. Koçubəy küçəsində yaşayıram”.... Aydındır ki, cənab Şaumyan zarafat etmir və biz bolşevik maskası altında açıq-aşkar əclafların çıxışını gözləməliyik...”.

“Ertoba”nın həmin sayında yayımlanmış “Bolşeviklərin növbəti avantürası” başlıqlı məqalədə isə Şaumyan “tipik avantürist” adlandırılır və qeyd olunur ki, o, artıq xalq komissarlarının Tiflis filialını açıbdır və Kuznetsovla birlikdə “sosialist” quruluşunu yaratmaq istəyir”.

 Cənubi Qafqazı sovetləşdirə bilməsi üçün sosial bazası olmayan, yerli türk-müsəlman və gürcü əhalinin sərt müqaviməti ilə üzləşən bolşeviklər çıxış yolunu müəyyən vədlər qarşılığında ermənilərlə əməkdaşlıqda görürlər. Erməni millətçi təşkilatları ilə bolşeviklər arasında əlaqələrin qurulması planının əsas ideya müəllifi və vasitəçisi S.Şaumyan idi. 5 (18) dekabr 1917-ci ildə Ərzincan şəhərində Osmanlı ordusu ilə Qafqaz cəbhəsi komandanlığı arasında imzalanmış barışıq nəticəsində rus ordu hissələrinin Şərqi Anadoludan çıxarılması mifik “Böyük Ermənistan” xülyası ilə yaşayan erməni millətçilərinin xəyalını puça çıxarmışdı. Bu məqamdan istifadə edən bolşevik xalq komissarları şurası S.Şaumyanın təşəbbüsü ilə 29 dekabr 1917 (11 yanvar 1918) - ci ildə “Türkiyə Ermənistanı” barədə dekret qəbul edir. Bu dekret tərcümə olunaraq gürcü mətbuatında da yayılır və sərt olduğu qədər də əsaslı tənqid atəşinə tutulur. “Ertoba” qəzeti “Bolşeviklərin dekreti və “Müstəqil Ermənistan” məqaləsində dekretdə S.Şaumyanın və bolşeviklərin əsl niyyətlərini ifşa edirdi:

“Bolşevik hökuməti dekretlərindən birini ermənilərə həsr etdi və Ermənistana müstəqillik söz verdi. Amma digər bolşevik dekretlərində olduğu kimi, bu dekretdə də bir düşüncə nişanəsi yoxdur və demaqoqcasına tərtib olunmuşdur. Görünür ki, bolşeviklər hansısa şəkildə erməni partiyasının – “Daşnaksutyun”un ürəyini ovlamaq istəyirlər...

Biz dekretin digər tərəflərinə toxunmayacağıq, çünki deyilənlərdən də onun kənardan üfürülmüş xarakteri açıq görünür.

Və xüsusən də düşünsək ki, bu dekreti cənab Şaumyan gətirib və özünü komissar elan etdiyi bəyanatla birlikdə çap etdirib, bunun təxribatçıl yönü bizə açıq-aydın görünəcək. Cənab Şaumyan istəyir ki, ermənilərlə tatarları (Azərbaycan türklərini – F.V.-H.) bir-birinə qarşı qaldırsın və sonra bulanıq suda öz bolşevik balıqlarını tutsun.

Ancaq düşünmürəm ki, bununla bolşeviklər çayı keçə bilsinlər. Şüurlu erməni demokratiyası onları qədim romalıların sözləri ilə qonaq edəcək: dannalıların gətirdiyi hədiyyə də təhlükəlidir”.

Bolşeviklərin uzurpasiya siyasəti, Bakıda qurulmuş sovet hakimiyyətinin Cənubi Qafqazın digər bölgələrinə də yayılma təhlükəsi Oktyabr çevrilişi nəticəsində bu diyarın idarəçilik sistemində yaranmış boşluqların aradan qaldırılması zərurətini ortaya qoyur. Gürcüstan Sosial-Demokrat Fəhlə Partiyası (menşeviklər), “Müsavat”, “Daşnaksutyun” və sağ eserlərin nümayəndələri 1917-ci il noyabrın 11 (24)-də Tiflisdə müşavirə keçirib Rusiya bolşevik hökumətinin hakimiyyətini tanımaqdan imtina etdiklərini bəyan edirlər və koalisyon “Müstəqil Zaqafqaziya hökuməti” yaratmaq qərarına gəlirlər. Noyabrın 15-də (28-də) gürcüstanlı menşevik Y.Qeqeçkorinin sədrliyi ilə Zaqafqaziya Komissarlığı yaradılır. Zaqafqaziya Komissarlığı Rusiya Müvəqqəti Hökumətinin Cənubi Qafqaz üzrə idarəetmə orqanı olan “OZAKOM”u (Xüsusi Zaqafqaziya Komitəsi) əvəz edir. Yerlərdə yaradılan milli şuralar hakimiyyəti öz əllərinə alır. Milli şuraların əsas vəzifələrindən biri milli hərbi hissələrin yaradılması olur. Bunun üçün Zaqafqaziya Komissarlığının razılığı və yardımı ilə şəhərlərdə dislokasiya olunmuş keçmiş çar ordusunun alayları, eləcə də I Dünya müharibəsinin Qafqaz cəbhəsindən Rusiyaya qayıdan hərbi eşelonlar tərksilah edilirdi. Bu proses davamlı olaraq silahlı toqquşmalarla müşayiət edilirdi.

12 (25) yanvar 1918-ci ildə Zaqafqaziya Komissarlığı qanunverici orqan kimi regional parlamentin - Zaqafqaziya Seyminin çağırılması barədə qərar qəbul edir və özünü buraxmaq məcburiyyətində qalır. Təqribən bir ay sonra – 23 fevralda Cənubi Qafqazdan Ümumrusiya Müəssislər Məclisinə seçilmiş deputatların toplantısında Zaqafqaziya Seyminin yaradılması və yerli hakimiyyətin bu orqana verilməsi haqqında qərar qəbul edilir. Bir gün sonra Zaqafqaziya Seymi öz işinə başlayır. Seymdə üç əsas siyasi qrup – gürcü sosial-demokratlar 32, müsavatçılar 30, daşnaklar 27 deputatla təmsil olunmuşdular. Bundan əlavə, eserlər, milli demokratlar, Erməni Xalq Azadlıq Partiyası, Müsəlman Sosialist Bloku, Rusiyada müsəlmanlar fraksiyası (“İttihad”) və “Hümmət” Müsəlman Sosial-Demokrat təşkilatının (hümmətçi menşeviklər) da nümayəndələri var idi. Ümumiyyətlə Zaqafqaziya Seymində Azərbaycan siyasi partiyalarının 44 nümayəndəsi var idi. Onlardan hümmətçi menşeviklər gürcü fraksiyasına daxil olmuş, qalanları M.Ə.Rəsulzadənin sədrliyi altında müsəlman fraksiyasında birləşmişdilər. Zaqafqaziya Seymi Y.Qeqeçkorinin rəhbərliyi altında Cənubi Qafqaz hökumətini təşkil edirdi.

Cənubi Qafqazda ictimai-siyasi və sosial gərginliyin milli zəmində qarşıdurmaya çevrilməsi təhlükəsi bunda marağı olan qüvvələrin təxribatları nəticəsində günü-gündən artmaqda idi. 1918-ci ilin 5 mart tarixində İrəvan şəhərində baş vermiş belə təxribatlardan biri barədə Tiflisdə gürcü dilində nəşr olunan sosial-demokratyönlü “Alioni” qəzeti “İrəvanda atışma” başlıqlı xəbərində məlumat verirdi.

Cənubi Qafqaz şəhərləri içərisində Bakıda yerli türk-müsəlmanların vəziyyəti dözülməz həddə çatmışdı. Faktiki olaraq şəhər idarəetməsində təmsil olunmayan, inzibati resurslardan istifadə edilərək sıxışdırılan və ayrıseçkiliyə məruz qalan Bakının bu köklü əhalisi arasında Azərbaycan millətçi təşkilatlarının nüfuzu sürətlə artırdı. Azərbaycanın digər bölgə və iri yaşayış məntəqələrində olduğu kimi, burada da, işğal altında olmasına rəğmən milli hərəkatın genişlənməsi şəhərin bolşevik hakimiyyətini və onların daşnak tərəfdaşlarını ciddi narahat edirdi. Əsas hədəflərindən biri zəngin neft yataqlarına, güclü iqtisadi potensiala və strateji coğrafi mövqeyə malik Bakı şəhərini və şəhərətrafı əraziləri Azərbaycan etnik-mədəni sistemindən ayırıb Rusiya quberniyalarından birinə çevirmək olan bolşevik-daşnak tandemi həm bu hədəfə çatmaq, həm də Azərbaycan millətçi təşkilatlarını demoqrafik bazadan məhrum etmək üçün ən optimal yolu etnik təmizləmələr vasitəsilə Bakının əhali tərkibində türk-müsəlmanların faiz nisbətini mümkün qədər aşağı səviyyəyə endirməkdə görürdü. Bu məqsədlə hərtərəfli hazırlıq işləri görən, Petroqraddan hərbi və maliyyə yardımı alan Bakı Soveti şəhərin xristian əhalisini, xüsusən də erməniləri sürətlə silahlandırırdı. “Qırmızı qvardiya” adı ilə yaradılmış 10-12 minlik ordunun 70 %-i ermənilərdən ibarət idi. Birinci Dünya müharibəsinin Qafqaz cəbhəsinin ləğv olunması nəticəsində Bakı üzərindən vətənlərinə dönən rus qoşunlarının silah və sursatları buradakı ermənilərin əlinə keçirdi. Cəbhədən qayıdan çar ordusunun zabit və əsgərlərin bir çoxu Oktyabr çevrilişindən sonra anarxiyanın hökm sürdüyü ana yurdlarına dönməkdənsə, Bakıda qalaraq azacıq məvacib qarşılığında bolşeviklərin silahlı dəstələrində xidmət etməyi üstün tuturdular. Boşeviklərlə şəhərdəki erməni silahlı dəstələrinin çoxuna nəzarət edən Erməni Milli Şurası arasında hərbi alyans formalaşmışdı. Bolşeviklərin daşnaklarla hərbi əməkdaşlığının təmin olunmasında Qafqaz məsələləri üzrə fövqəladə komissar S.Şaumyan xüsusi rol oynayırdı.

Beləliklə, bolşevik-daşnak cütlüyü hazırlıq işlərini tamamlayaraq Bakının türk-müsəlman əhalisinə qarşı etnik təmizləmələr aparmaq üçün bəhanə axtararıb, fürsət gözləyirdi. Belə bir fürsət məşhur neft milyonçusu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Lənkəranda müsəlman alayında xidmət edən oğlu Məhəmmədin dəfn mərasimində iştirak etmək üçün “Evelina” gəmisi ilə general Talışinskinin başçılığı altında Lənkərandan Bakıya gəlmiş müsəlman alayının zabit heyətinin geri dönüşü zamanı yaranır. Zabitlər gəldikləri gəmi ilə Lənkərana geri qayıtmaq istəyərkən tez-tələsik martın 30-da yaranmış Bakı şəhəri mədən-zavod rayonlarının İnqilabi Müdafiə Komitəsinin təşəbbüsü ilə tərksilah olunurlar. Bu hadisədən hiddətlənən şəhərin müsəlman əhalisi məscidlərə toplanıb silahların qaytarılmasını tələb edir. Azərbaycan milli təşkilatlarının bu istiqamətdə cəhdləri də nəticəsiz qalır və əvvəlcədən sövdələşmə əsasında bolşevik-erməni koalisiyası S.Şaumyanın dediyi kimi, “həlledici döyüşlərə hər cür hazırlıq görülmüşdü və dərhal bütün cəbhə boyu hücuma başlayır”.

  Martın 30-da axşam saat 5-də açılan ilk atəş səsləri ilə Bakıda türk-müsəlmanlara qarşı üç gün davam edən etnik təmizləmə əməliyyatına start verilir. Martın 31-də erməni hərbi dəstələri İnqilabi Müdafiə Komitəsinin qərargahına gələrək təlimatlandırılır və müsəlman məhəlləsinə göndərilirlər. Həmin gün müsəlman məhəllələri havadan təyyarələr və dənizdən hərbi gəmilərlə bombalanır. Bolşevik-erməni cəlladları müsəlmanların evlərinə soxulub uşaq, qadın, yaşlı demədən sakinləri kütləvi surətdə, amansızca qətlə yetirirdilər.

Cənubi Qafqazda müsəlmanlara qarşı həyata keçirilmiş zorakılıq hallarını təhqiq etmək üçün Azərbaycan Xalq Cümhuriyyətinin hökumətinin qərarı əsasında 1918-ci il avqust ayının 31-də yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının ümumiləşdirdiyi hesabata görə, 31 mart – 2 aprel 1918-ci il qətl və qarətləri zamanı Bakı şəhərində “əksinqilabçı” adı ilə 12 min türk-müsəlman qətlə yetirilmişdir.

Bakıda türk-müsəlman əhaliyə qarşı törədilən soyqırımı cinayətləri eynilə Bakı quberniyasının Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul şəhərlərində, Gəncə və İrəvan quberniyalarında da təkrar edilmişdir.

Mart soyqırımı zamanı Bakı yaxınlığındakı Binəqədi neft mədənlərində işləyən “S.M-li” imzalı gürcü mühəndisi həmin dəhşətli hadisələri təqribən 5 ay sonra Gürcüstan Demokratik Respublikasının (1918-1921) rəsmi dövlət qəzeti “Sakartvelos Respublika”da belə təsvir edirdi:

 “Fəhlə və əsgər şurasında digər partiyalarla yanaşı, bir-birinə etibar etməmələrinə rəğmən “Daşnaksutyun” və “Müsavat” da iştirak edirdilər.

 Mart ayında Lənkəranda Bakı sakini, tatarların diviziyasının zabiti Tağıyev öldürülmüşdü. Onun Bakıda dəfn mərasimində 70 nəfərədək silahlı yoldaşı iştirak etdi. Sonra martın 18-də onlar yenə silahla Lənkərana dönmək istədilər. Bolşeviklər silahı aparmalarına icazə vermədilər, bu zəmində qarşıdurma yarandı və bir neçə nəfər yaralandı.

Bu məsələyə “Müsavat” qarışdı və silahların qaytarılmasını tələb etdi. İcraiyyə komitəsi bu tələbi rədd etdi və bu səbəbdən toqquşma baş verdi. “Daşnaksutyun” bolşeviklərə kömək etdi. Beləliklə, bir tərəfdən bolşeviklər və “Daşnaksutyun”, digər tərəfdən “Müsavat” bir-birinə qarşı döyüşürdülər. Mən həmin zaman Binəqədidə neft mədənlərində idim.

Ermənilərə 18 mart (yeni təqvimlə - 31 mart – F.V.-H.) axşamı xəbərdarlıq edilmişdi və gecəikən demək olar ki, hamısı getmişdilər...

Döyüşlərdən sonra Bakıya gedəndə Bakının müsəlmanlar yaşayan hissəsindəki bəzi guşələrini yanğın və toplarla dağıdılmış halda gördük. Musa Nağıyevin pulu ilə inşa edilmiş və Bakının ən gözəl tikililərindən olan Müsəlman xeyriyyə cəmiyyətinin binası bizi yandırılmış vəziyyətdə qarşıladı. Ermənilər Tarayev və Mailovun evlərini yandırmışdılar.

Üç gün ərzində 3000 nəfərədək öldürülmüş və yaralanmışdır, onlardan əksəri müsəlman idi. Çox müsəlmanları evlərindən çıxarıb öldürmüşdülər.

Bu müharibədən sonra Şaumyanın başçılığı ilə bolşevik hökuməti quruldu”.

  Həmin qəzet 22 mart (4 aprel) 1918-ci il tarixli sayında eyniadlı xronikada 18-20 mart (31 mart - 2 aprel) tarixlərində Bakıda cərəyan edən hadisələr və Gümrü müsəlmanlarının şəhər yaxınlığındakı müsəlman kəndlərinə köçü zamanı hücuma məruz qalması barədə xəbərlər dərc edirdi:

- 20 martda (2 aprel) Tiflisə bu məlumat daxil oldu: 18 martda (31 mart) müsəlman qaçaqlar və bolşeviklər arasında döyüş baş verdi. Toplardan da atdılar. Dünən bütün günü döyüş getdi. Çox sayda tatar əsir götürülüb. Matroslar qalanı alıblar... Tatarlardan başqa hamı bolşeviklərin tərəfindədir. Ölü və yaralılar yüzlərlədir. Hər iki tərəf itki verib. Ancaq tatarlar tərəfdə itki daha çoxdur. Teatrlar və sinematoqraflar əsir götürülmüş tatarlarla doludur. Bolşeviklərə matroslar böyük yardım göstərir. Başqa yöndən bolşeviklər heç bir yardım almayıb. Bütün yerli qoşunlar bolşeviklərin tərəfindədir.

Toqquşmalar milli xarakter daşımır. Toqquşmaların səbəbi bunlar hesab olunmalıdır: Dəniz yolu ilə harayasa getmək istəyən müsəlman diviziyasının 70 əsgərinin silahını almaq istəyiblər. Onlar müqavimət göstəriblər və o da bu toqquşmalarla nəticələnib. Bolşeviklərə Şaumyan, Caparidze, Suxartsev rəhbərlik edirlər. Bolşeviklərin cəmi bir zirehli qatarı var. İkinci zirehli qatarlarını Qafqaz dəmir yolunda əllərindən alıblar.

- Gümrü. 19 martda (1 aprel) Fövqəladə İstintaq Komissiyasının sədr müavini Qolvanov bildirir: “Dünən, 18 martda Gümrü müsəlmanları ermənilərin milli şurasının icazəsi ilə şəhərdən çıxıb yaxınlıqdakı müsəlman kəndlərinə getməyə başlayırlar. Şəhərdən çıxan zaman müsəlmanların nəqliyyat vasitələrinə atəş açılır. İtki var. İstintaq komissiyası hərbi təşkilatlarla birlikdə hadisənin araşdırılmasına başladı. Müsəlmanların nümayəndələri məsələnin aydınlaşdırılması və müsəlmanların sakitləşdirilməsi üçün Gümrüyə seymin nümayəndələrinin göndərilməsini tələb edirlər. İstintaq komissiyası günahkarların müəyyən olunması üçün bütün tədbirləri həyata keçirir”.

“Ertoba” növbəti saylarının səhifələrində də Bakı kütləvi qırğınlarını diqqət mərkəzində saxlayıb 22 mart (4 aprel) 1918-ci ildə teleqrafla göndərilən məlumatları oxucularına təqdim edirdi:

- Hazırda bolşeviklər dəmir yolu milisinin silahlarını toplayırlar. Nikolayev küçəsi bütünlükdə xarabalığa çevrilib. Böyük “İslam” (çox güman ki, “İsmailiyyə”-– F.V.-H.) binası, “Kaspi” qəzetinin redaksiyası və s. yandırılıbdır. Döyüş dünən səhərdən kəsilibdir. Deyirlər ki, əsirləri azad ediblər. Şəhərdə qayda-qanunun yaradılması üçün ciddi tədbirlər görülüb. Müsəlmanların məhəlləsində telefon işləmir. Keşlə və Bülbülədə hərəkətlilik başladı. Dörd min müsəlman bir araya toplanıb. Onlara qarşı zirehli avtomobil göndərdilər və aeroplandan onlara qumbaralar atdılar. Çox sayda ölən və yaralanan oldu. Bolşeviklərə bütün digər silahlı qüvvələr və qırmızı qvardiyaçılar yardım edirdilər.

Qeyd etmək lazımdır ki, “Ertoba” qəzetinin redaksiyasına Bakıdan teleqraf vasitəsilə daxil olmuş, mənbəyi göstərilməyən məlumatlarda müəyyən qeyri-dəqiqliklər də var idi.

“Ertoba” ilə paralel olaraq “Sakartvelo” qəzeti də Bakı hadisələrinə biganə qalmayaraq bu mövzuda həqiqətləri işıqlandırmağa çalışırdı. Qəzet 22 may 1918-ci il tarixli sayında “Aqasas” imzalı müəllifin həmin dövrdə Tiflisdə rus dilində yayımlanan “Vozrojdeniye” qəzetində çap olunmuş “Bakı hadisələri barədə həqiqət” başlıqlı irihəcmli məqaləsini gürcü dilinə tərcümə edərək yayımlayırdı. Bakıda türk-müsəlman əhaliyə qarşı törədilən soyqırımın mətləblərinin üzə çıxarılmasında mühüm əhəmiyyət kəsb edən məqalədə yazılır:

“Bakıda martın ortalarında baş vermiş hadisələr barədə ilk məlumat alınan kimi hər kəsə aydın oldu ki, bizim işimiz bolşeviklərin çıxışı ilə deyil, müsəlmanlara qarşı aparılan mübarizə ilə bağlıdır. Bunda əsas məqsədi müsəlmanlarla iyrənc mübarizə olan və bu son zamanlarda bolşeviklərə söykənən partiya iştirak edərək böyük rol oynayırdı. Nəticədə bilinəndə ki, Bakıda 6000-dən çox müsəlman öldürülmüşdür və onların arasında qadınlar, uşaqlar və müsəlmanların tanınmış ictimai xadimləri var idi, Bakı hadisələrinin İrəvan quberniyasında hələ bundan qabaq başlamış hadisələr zəncirinin bir hissəsi olduğu heç kəsdə şübhə oyatmadı. Əlbəttə ki, Bakı hadisələrini əksinqilabçılarla mübarizə kimi səciyyələndirmək çətindir, çünki əsasən yazıq-yoxsul müsəlmanlar qətlə yetirilmişdirlər, həmçinin, bütün bir xalqa əksinqilabçı damğası vurmaq qeyri-mümkündür”.

Sonra məqalədə Hacıqabul stansiyasında saxlanılan Bakı-Tiflis qatarında axtarış aparılan zaman Gəncənin erməni milli şurasına göndərilən dağıdıcı materialların, rabitə avadanlıqlarının, eləcə də erməni dilində Gəncə ermənilərinə göndərilən daha bir neçə məktubun aşkar olunduğu və bu məktublarda aşağıdakı cümlələrə rast gəlindiyi qeyd olunur:

- “Tam 3 saat ərzində şəhərin (Bakının – F.V.-H.) bütün hissələrindən onlara birləşdik, eyni zamanda tatarların evlərini oda verirdilər. Heç kəsi buraxmırdılar, yerindəcə öldürürdülər. Əsirləri də elə. Küçələr cəsədlərlə doludur. Nikolayev küçəsindən başlayaraq meydanadək hər yer atəşə verilib”;

- “5-10 tanınmış müsəlman öldürülüb. Uşaqları, qadınları, yaşlıları seçmirdik. Hamı zərər gördü... Daşnakların neytrallığı qoruduğuna inanmayın... Onlar yolları bağlayırdılar ki, kəndlərdən kömək gəlməsin”;

- “Həmidiyyə, İsmailiyyə, vəhşi diviziyanın qərargahı yandırıldı, indi də Müsavatın bürosu yanır”;

- “Şəhərin tatar hissəsində zərər görməmiş ev qalmadı”;

- “Tatarların evləri, dükanları və mağazaları talan edilib və yandırılıb...Uşaqlar nə zaman gələcəklər? Göndər, baxıb sevinsinlər”.

- “Bir tatarın evinə girdim və 30-40 öldürülmüş uşaq, qadın və kişi gördüm. Tatarların itkisi 5-6 min nəfərdən çoxdur;

- “Lənkəran, Petrovsk alınıb, ordu Şamaxı və Hacıqabul tərəfə gedir, ümid edirik ki, 20-25 gün sonra və ya daha tez Gəncədə olacağıq... Amazasp böyük qəhrəmanlıq göstərdi...”

Bakıda müsəlmanların qırğını zamanı kimin hansı partiyadan olduğunun nəzərə alınmadığı, ziyalıların, hətta bolşevik müsəlmanların da yalnız müsəlman olduqları üçün öldürüldükləri vurğulanan məqalə bu cümlələrlə yekunlaşır:

“Yuxarıda göstərilən məktub və məktub parçalarından Bakı bolşeviklərinin ermənilərlə nə dərəcədə bağlı olduğu açıq görünür. Erməni milli şuralarının müsəlmanların qırğınında bu və ya digər şəkildə iştirak etməsi faktı Bakı, Şamaxı və İrəvan hadisələrinin ermənilərin həyata keçirdiyi planın yalnız bir hissəsi olmasına şübhə yaratmır”.

25 mart (7 aprel) 1918-ci il tarixli nömrəsinin ikinci səhifəsini “Xalq cəbhəsi”, “Daşnaksutyun”, “Bakı hadisələri ətrafında” sərlövhəli məqalələrlə tamamən Cənubi Qafqazda yaranmış gərginlikdə, xüsusən də Bakı hadisələrində “Daşnaksutyun”un neqativ rolunun ifşa olunmasına və daşnak-bolşevik münasibətlərinin çözülməsinə həsr etmiş “Sakartvelo” qəzeti “Xalq cəbhəsi” məqaləsində hakimiyyətdə olan Gürcüstan menşeviklərini tənqid edərək onları bölgədə baş verən proseslərin siyasi mahiyyətini tam dərk etməməkdə ittiham edirdi. Bir tərəfdən daşnakların partiya rəhbərlərinin Zaqafqaziya hökumətində nazir vəzifələrini tutmalarının, digər tərəfdən isə partiyanın özünün həmin nazirliyə qarşı qiyam qaldırmasının və onu dağıtmağa çalışmasının siyasi möcüzə olduğu qənaətinə gəlinən məqalədə bununla bağlı sual qoyulur və ona cavab axtarılır, eyni zamanda daşnakların müsəlman və gürcülərə qarşı mübarizə aparan qüvvələrlə iş birliyinin nəticələrinə dair mülahizələr yürüdülür:

“Bu siyasi möcüzə nə ilə izah oluna bilər? Daşnakların menşevik təvazökarlığı, bolşeviklərin isə sosial islahatları və sərvətlərin sosializasiyası tələsindən başqa nə ilə?

İnsan nə qədər sadəlövh olmalıdır ki, daşnakların ruhunu müəyyən edə bilməsin.

Daşnaklar üçün müsəlmanlar və gürcülərə qarşı mübarizə aparan qüvvə, hökumət şeytan və cəhənnəm olsa belə cənnətdir. Bolşevik hökuməti məhz bu cür qüvvədir. Bolşeviklər bizim ölkədə hökmranlıq əldə edəndə, “velikorus” siyasəti hökmranlıq edəcək, hansının ki, çiyələkləri həmişə erməni millətinin başçıları olurdular. Və bizim vətənimiz yenidən rus sentralizminin pəncəsi altına düşəcək, erməni avantürist şovinistləri üçün yeni, ancaq qırmızı rəngə bürünmüş Vorontsov-Daşkov dövrü başlayacaq. Bolşevik Rusiyası ermənilərə söykənəcək və erməni milliyətçiləri Zaqafqaziyanın taleyinin müdiri olacaqlar.

Məqalənin sonunda yenidən Gürcüstan idarəçiləri hədəfə alınır, ermənilərin və digər millətlərin başqalarının torpaqlarına göz tikmələri onların yanlış düşüncə tərzi ilə əlaqələndirilir:

“Bizim ölkəni bütün dünyanın beynəlmiləlçilərlə məskun olduğunu düşünən parlayan siyasətçilər idarə etdiyi üçün ermənilər, osetinlər və digərlərinin özlərinin barışmaz və dözümsüz milli siyasətlərini həyata keçirməsi və başqalarının torpaqlarında “müstəqil” dövlət qurmağa çalışması heyrət doğurmamalıdır”.

Məşhur gürcü şairi və siyasi xadimi, Gürcüstan Milli-Demokrat Partiyasının baş komitəsinin üzvü Şalva Amirecibinin “Sakartvelo” qəzetində dərc olunmuş “Daşnaksutyun” məqaləsində daşnakların menşeviklərlə alyansda, eyni zamanda Bakıda bolşeviklərlə “üsyankar və xəyanətkar” blokda olduğu, Zaqafqaziya Seymində digər millətlərlə guya ki, həmrəy olduğu görüntüsü yaratdığı, amma “eyni zamanda tatarlara qarşı mütəşəkkilliklə qırğınlar törətdiyi” vurğulanaraq ikiüzlü siyasəti əsaslı tənqid atəşinə tutulur. Bu siyasətin Cənubi Qafqaz xalqlarının maraqlarına ölümcül zərbə vuraraq erməni xalqını da uçuruma apardığını qeyd edən məqalə müəllifi daşnakların bolşeviklərlə tərəfdaşlığının həmin dövrdə Osmanlı hökuməti ilə apardığı Trabzon sülh danışıqlarında Zaqafqaziya Seyminin mövqeyini zəiflətdiyinə diqqəti çəkir.

 Mətbuatda “R.İngilo” imzası ilə çıxış edən qaxlı hüquqşünas, publisist və din xadimi Rafiel İvanitskinin “Sakartvelo”da işıq üzü görmüş “Bakı hadisələri ətrafında” başlıqlı yazısında “Azərbaycanın paytaxt şəhərində baş verən vətəndaş müharibəsi”nin vahid Zaqafqaziya dövlətinin uzunmüddətli mövcudiyyətinin mümkün olmayacağını göstərdiyini vurğulayaraq, bu diyarın milli-inzibati ərazi vahidlərinə bölünməsinin və kompakt ərazi vahidlərinin yaradılmasının tezləşdirilməsi vacibliyini ifadə edir. Bakıda bolşevikləri dəstəkləməkdə ermənilərin əsl niyyətinin “Böyük Ermənistan” ideyasını həyata keçirmək olduğu nəticəsinə gələn R.İngilo məqaləsini maraqlı sonluqla bitirir:

  “Şimal qorxusu ermənilərə Bakıda taleyüklü addım atdırdı: dənizdən sahilə çıxanlar gəmiləri yandırmırlar, çünki çox vaxt geri qayıtmaq zərurəti yaranır!”

 Cənubi Qafqazın iqtisadi mərkəzi Bakının bolşevik-daşnak ittifaqı tərəfindən işğalından sonra eyni aqibət bu regionun siyasi mərkəzi Tiflis şəhərini və digər guşələrini də gözləyirdi və təbii ki, bu reallıq gürcü siyasi-ictimai mühitini narahat etməyə bilməzdi. Öz məkrli məqsədlərinə çatmaq üçün əlverişli məqam gözləyən, istənilən siyasi xaos və anarxiyadan yararlanmaq fürsətini əldən verməyən erməni millətçi-terrorçu təşkilatlarının Birinci rus inqilabından sonra olduğu kimi, İkinci rus inqilabından sonra da fəallaşması və amansızlıqla törətdikləri soyqırımı cinayətləri, göründüyü kimi, gürcü mətbuatının qınaq obyektinə çevrilmişdi.

1918-ci ilin mart ayında Bakı quberniyasının mərkəzində və digər iri yaşayış məntəqələrində yerli türk-müsəlman əhaliyə qarşı törədilmiş soyqırımları, ondan doğan siyasi təlatümlər Cənubi Qafqazın iki ən böyük xalqının – Azərbaycan türklərinin və gürcülərin müstəqillik meyllərini daha da gücləndirərək az müddət sonra Azərbaycan və Gürcüstan Demokratik Respublikalarının elan olunması ilə nəticələndi.

Fəxri VALEHOĞLU-HACILAR

tarix elmləri doktoru

 

 

 

 

Bizimlə əlaqə saxlayın