24 
Fev
2021
00:35
1909

Gürcüstan azərbaycanlıları bolşevik işğalına qarşı mübarizədə

Gürcüstan Demokratik Respublikasının süqutundan 100 il ötür.

1920-ci ilin sonlarında Ermənistanda bolşevik hakimiyyəti qurulur. Bundan sonra Qafqazda 1918-ci ildə müstəqilliyini elan etmiş dövlətlər arasında öz varlığını qoruya bilmiş sonuncu dövlət ‒ Gürcüstan Demokratik Respublikası (GDR) sovet işğalı təhlükəsi ilə üzləşir. Üç istiqamətdən ‒ Ermənistan, Şimali Qafqaz və Azərbaycan istiqamətlərindən sovet rejimləri ilə əhatə olunmuş ölkənin rəhbərliyi gözlənilən təhlükənin qaçılmaz olduğunu başa düşür və önləyici tədbirlər görməyə, xüsusən də silahlı qüvvələrini gücləndirməyə çalışır. Müstəqilliyin əvəzsiz bir nemət olduğunu anlayan Gürcüstan əhalisi, o cümlədən bu ölkədə yaşayan azərbaycanlılar orduya köməklik göstərmək üçün səylərini əsirgəmirlər. “Sakartvelos Respublika” rəsmi dövlət qəzetinin 29 dekabr 1920-ci il tarixli sayında “Müsəlman uşaqların məktubu” başlığı altında orduya 5000 manat maddi yardım toplamış azərbaycanlı uşaqların ‒ İsmayıl, Mikayıl, Muqmal və Lalə Əliyevlərin, İsgəndər, Yusuf və Marqarita Şeyxülislamovların aşağıdakı məzmunda məktubu dərc olunmuşdu:

“Sizdən xahiş edirik, topladığımız 5000 manatı qəbul edin və bizim Gürcüstanı qoruyanlara hədiyyələr alın. Qoy onlar bilsinlər ki, biz onların gördüyü işi qiymətləndiririk: Bizim həyatımızı qoruyurlar və bununla bizim rahat dərslə məşğul olmağımıza şərait yaradırlar. Biz böyüyəndə özümüz qoynunda yaşadığımız əziz Gürcüstanı qoruyacağıq”.

“Sakartvelo” qəzetinin 4 yanvar 1921-ci il tarixli sayından isə Gürcüstan Respublikasının vətəndaşı İsmayıl Axundovun “Cəbhəyə yardım baş komitəsi”nə 10000 man., Ələsgər və Ələkbər Babayevlərin - 10000 man., Gürcüstanda məskunlaşmış Azərbaycanlı emiqrantların Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstanda sabiq diplomatik nümayəndəsi Fariz bəy Vəkilovun vasitəsi ilə 10 000 manat, İran təbəəli azərbaycanlılardan Məmməd Əliyevin - 5000 man., Əli ağa Əliyevin - 5000 man., Mirzə Abbasəli Rzazadənin - 2000 man. və Cəlalov qardaşlarının 5000 man., pul vəsaiti göndərdikləri bəlli olur.

Gürcüstana bolşeviklərin təcavüzü özünü çox gözlətmir və bəlli bir ssenari üzrə həyata keçirilir. Belə ki, öncə 30 dekabr 1920-ci ildə Ermənistanın yeni rəhbərliyi yaranmış fürsəti qaçırmayaraq Gürcüstan hökumətinə nota göndərib, Borçalı qəzasının Lori nahiyəsinin neytral zonası üzərində daha əvvəl daşnakların irəli sürdüyü iddiaları təzələyir. 1921-ci ilin 11-12 fevralında isə neytral zonada yerləşən rus kəndlərində sovet təbliğat maşınının “Gürcüstan zəhmətkeşlərinin üsyanı” adlandırdığı qiyam təşkil olunur və daha sonra “qardaşlıq köməyi” adı altında işğal əməliyyatına start verilir. İlk olaraq Sovet Rusiyası və Sovet Ermənistanının silahlı dəstələri anidən Gürcüstanın Lori nahiyəsinin Sənahin və Vorontsovka məntəqələrində yerləşən hərbi qarnizonlarına hücum edir. Sənahindəki gürcü ordu birlikləri geri çəkilərək Ayrım-Sadaxlı, Vorontsovkadakılar isə Katerinenfeld xəttində mövqe tutmağa məcbur olur.

Beləliklə, Gürcüstan Demokratik Respublikası varlığını qoruya bildiyi 33 ay ərzində ikinci dəfə, həm də eyni istiqamətdən ‒ Ermənistandan eyni ərazilərin ‒ Borçalı qəzasının Lori nahiyəsinin işğalına məruz qalır. Əslən Qaxdan olan məşhur hüquqşünas, publisist və din xadimi Rafiel İngilo-İvanitski “Sakartvelo” qəzetinin 15 fevral 1921-ci il tarixli sayında çap etdirdiyi “Rusların-ermənilərin Borçalıya hücumu. Qızıl Ermənistanın hücumu” başlıqlı məqaləsində 1918-ci ilin dekabr ayında baş vermiş Ermənistan-Gürcüstan müharibəsinə eyham vuraraq bolşevik Ermənistanın öz məkrli niyyətlərini eynilə daşnak Ermənistanın metodu ilə həyata keçirməyə çalışdığını yazırdı. “Ertoba” qəzetinin həmin günkü sayında isə GDR hökumətinin başçısı Noe Jordaniyanın Gürcüstan vətəndaşlarına müraciəti çap olunmuşdu. Müraciətdə deyilirdi:

“Vətəndaşlar, 1918-ci il hadisələri təkrarlandı. Ermənistan yenə xəyanətkarcasına hücum etdi, yenə qan və müharibə bayrağını dalğalandırdı və müxənnətcəsinə səssizcə bizim sərhədlərə soxuldu. İki il qabaq etdiyi yolla, həmin qaydada. Bu ayın 12-də gecə Ermənistanın ön dəstələri bizim mühafizə postlarına hücum etdi...”. Sözlərinin davamında Ermənistanın Borçalı qəzasının cənub-şərq sərhədlərini ələ keçirdiyini bildirən N.Jordaniya hökumətin səfərbər olub hazırlıq tədbirlərini gördüyünü deyirdi.

1921-ci ilin 16 fevralında rus və erməni bolşeviklərinin ortaq qüvvələri Borçalı qəzasının mərkəzi Şüləverə soxulurlar. “Ertoba” qəzeti 20 fevral 1921-ci il tarixli sayında dərc olunmuş “Vətən xainləri” başlıqlı məlumatda Şüləverdə bolşevik inqilab komitəsinin yaradıldığını və onun tərkibini Hayk və Hamaik Nazaretyanların “gözəlləşdirdiyini” vurğulayırdı

Mənbələrdən Gürcüstan azərbaycanlılarının hər zaman olduğu kimi, bolşevik işğalı dövründə də gürcü həmvətənləri ilə bir sırada çiyin-çiyinə dayanaraq ölkənin müstəqilliyinin qorunması uğrunda döyüşlərdə fədakarcasına iştirak etdikləri aydın olur. “Sakartvelo” qəzeti “Müsəlmanların loyallığı” sərlövhəli məlumatında yazırdı: “General-qubernatorun adına Yekaterinenfelddən (Bolnisdən – F.V.-H.) gələn məlumatlara görə, yerli müsəlman sakinlər Gürcüstana qarşı xoş niyyətlərini bildirirlər və hər cür yardım göstərməyə hazırdırlar”. “Sakartvelos respublika” qəzeti isə “Borçalı müsəlmanlığı” başlığı altında Borçalı qəzasının azərbaycanlı nümayəndə heyətinin 17 fevral 1921-ci ildə Gürcüstan hökumətinin sədri Noe Jordaniya ilə görüşü barədə belə bir xəbər yayırdı:

“Dünən hökumətin sədrinə Borçalı müsəlmanlarının nümayəndələrini təqdim etdilər. Onlar sədrə bəyan etdilər ki, müsəlmanların hamısı Gürcüstan torpağını-suyunu namərd düşməndən qanı ilə qorumağa hazırdır: “Biz gürcü millətinin yanında doğulmuşuq, böyümüşük və onunla birlikdə düşmənlə mübarizədə ölməliyik. Rusiya hökuməti etibarsız yanaşdığı üçün bizi orduya çağırmırdı, sizdən isə xahiş edirik ki, bizlərdən əli silah tuta bilən hər kəsi orduya çağırın” – Borçalı nümayəndə heyəti bəyan etdi.

Bundan başqa onlar sədri bizim ordunun necə cəsarətlə döyüşdüyü barədə (Ayrım-Sadaxlı istiqamətində - F.V.-H.) bilgiləndirdilər və həmçinin, qiyam etmiş ermənilərin dinc müsəlman sakinlərə qarşı barbarlığını təsvir etdilər.

Hökumətin sədri nümayəndə heyətinə istənilən köməkliyi göstərəcəyinə söz verdi və Azərbaycan, bütünlükdə müsəlman demokratiyasının dəstəyi ilə nəinki Gürcüstanın, Azərbaycanın özünün də bolşevik tiraniyasından azad olunacağına böyük ümid bəslədiyini ifadə etdi”.

Bu görüşün səhəri günü – 18 fevralda azərbaycanlılardan ibarət süvari dəstə Gürcüstan Milli Demokrat Partiyasının səfərbərlik şöbəsinin rəhbəri David Vaçnadzenin hüzurunda döyüşə hazır vəziyyətdə dayanır. “Sakartvelo”nun 19 fevral 1921-ci il tarixli sayında “Borçalı və Tiflisin müsəlman dəstələri” başlıqlı yazıda bununla bağlı aşağıdakılar qeyd olunurdu:

“Dünən Demokrat Partiyasının səfərbərlik bürosunun binası qarşısına polkovnik Yadigarovun başçılığı altında Borçalı və Tiflis müsəlmanlarından təşkil olunmuş 200 nəfərlik dəstə gəldi. Dəstəni partiyanın səfərbərlik bürosunun müdiri polkovnik Vaçnadze salamladı.

Cavab nitqində dəstənin adından Yadigarov bəyan etdi ki, Borçalı və Tiflis müsəlmanları hər zaman Gürcüstanın paytaxt şəhərinin vəfalı göztətçiləri olmuşlar və bu gün də öz vəzifələrini sədaqətlə yerinə yetirəcəklər”. Güman edirik ki, mənbədə adı çəkilən polkovnik Yadigarov Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunda korpus komandirinin yanında eskadron komandiri olmuş, XI Qızıl ordu Bakıya basqın edəndə III Şəki süvari alayının pərakəndə dəstəsilə vuruşa-vuruşa Gürcüstan ərazisinə çəkilərək burada 1921-ci ilin mart ayınadək bolşeviklərə qarşı vuruşmuş və həmin il Türkiyə üzərindən Polşaya mühacirət etmiş Vəli bəy Sadıq bəy oğlu Yadigardır.

Borçalı qəzasının mərkəzini ələ keçirdikdən sonra bolşeviklər bütün qüvvələrini paytaxt Tiflisə doğru yönəldirlər. Gürcüstan silahlı qüvvələri Tiflis ətrafında 3 sahə üzrə müdafiə xətləri quraraq müxtəlif istiqamətlərdən şəhərə daxil olmaq istəyən bolşeviklərin qarşısını kəsməyə çalışırlar. Kür çayının sol sahili üzrə Orxevi çevrəsində müdafiə xəttinə general A.Cicixiya, Kür çayının sağ sahili üzrə Soğanlıq və Tabaxmela arasında yaradılmış müdafiə xəttinə general Q.Mazniaşvili, Tabaxmela-Qocor-Koroğlu qalası – Məngilis müdafiə xəttinə isə general A.Andronikaşvili komandanlıq edirdi.

1921-ci ilin 20 fevral tarixində bolşeviklərin Qocor-Tabaxmela yönündən hücumu heç bir nəticə vermir. Bunun səhəri gün Orxevi cəbhəsində əks-hücumla qarşılaşan Sovet Rusiyasının XI Qızıl ordusunun bölmələri 10 km geri çəkilməyə məcbur olurlar. GDR silahlı qüvvələrinin baş komandanı general Q.Kvinitadze öz xatirələrində Gürcüstan tərəfinin qazandığı bu uğuru “kapitan Ediqaraşvilinin (Yadigarovun – F.V.-H.) Borçalı könüllülərinin kavaleriya (süvari) yüzlüyü ilə gücləndirilmiş qvardiyanın çevik və effektiv fəaliyyəti” ilə əlaqələndirirdi.

Bundan sonra əlavə qüvvələr hesabına hərbi güclərini Tiflisin girişlərində yenidən qruplaşdıran bolşeviklər 1921-ci ilin 25 fevral tarixində şəhərə tam nəzarəti ələ keçirirlər. Beləliklə, Gürcüstan Demokratik Respublikasının timsalında Cənubi Qafqazın son demokratiya dayağı çökdürülmüş, müstəqillik məşəli söndürülmüş olur. GDR hökumət üzvlərinin əksəri Avropa ölkələrində sığınacaq tapır.

Müəllif: Fəxri VALEHOĞLU-HACILARt tarix üzrə elmlər doktoru

Bizimlə əlaqə saxlayın