GAİM-də Xocornu məktəbinin bir qrup müəllim-şagirdi ilə görüş keçirilib
Dekabrın 29-da Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə GAİM-in təşkilatçılığı və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin maddi-mənəvi dəstəyilə xeyriyyə aksiyası təşkil olunmuşdur.
InterPress.ge xəbər verir ki, pandemiya səbəbindən xeyriyyə aksiyasına məhdud sayda insan qatılmışdır.
Tədbir çərçivəsində Marneuli rayonunun ucqarda yerləşən Xocornu kənd məktəbinin bir qrup şagird və müəllim heyəti GAİM-in qonağı olmuşlar. Səmimi qarşılanmadan sonra GAİM-in icraçı direktoru Rafiq Hümmət qonaqları salamlamış, onları qarşıdan gələn qoşa bayramlarla və Zəfər bayramı münasibətilə təbrik etmişdir. Şagirdlərdən Minavar və Elif İbadovalar, Tural Məmmədov, Şamil Nəbiyev, Güllüzar Nəbiyeva Vətənə, Millətə, Azərbaycan-Gürcüstan-Türkiyə qardaşlığına həsr olunmuş şeirlər səsləndirmişlər.
Sonra 23 nəfər müəllim-şagirdə hədiyyə torbaları, 4 adda Azərbaycan və gürcü dillərində 30-a yaxın kitab, 17 nəfər şagirdə isə həmçinin pul mükafatları təqdim olunmuşdur. Məktəbin soydaşlarımızdan ibarət kollektivinə Azərbaycanın Gürcüstandakı Səfirliyinin hədiyyə etdiyi bayraqlar da çatdırılmışdır.
“Əziz şagirdlərimiz, hörmətli müəllimlərimiz, biz Gürcüstan vətəndaşları olaraq ölkəmizdə digər millətlərdən olan vətəndaşlara şamil olunan bütün hüquqlara malikik. Ancaq qürur duyuruq ki, bizi heç vaxt unutmayan Azərbaycan Respublikası adında bir milli dövlətimiz də var. Şəxsən mən Dünya azərbaycanlılarının Həmrəyliyi gününü və qarşıdan gələn Yeni il bayramlarını məhz sizinlə qeyd etdiyimə görə olduqca məmnunam. Və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin timsalında Azərbaycan dövlətinə təşəkkür edirəm ki, 44 günlük ağır Zəfər müharibəsindən çıxmasına baxmayaraq, xaricdə yaşayan soydaşlarını unutmur, onlara əlindən gələn dəstəyi göstərir. Eyni zamanda sizə də təşəkkür edirəm ki, təklifimizi qəbul edərək buradək gəlmisiniz. Ümid edirəm ki, bu nə ilk, nə də son görüşümüzdür. Tədbirin baş tutmasında bizə göstərdikləri köməklik üçün əziz müəllimlərimiz Bəhram İsayevə, Anar Şərifova və Kamran Əfəndiyevə, GAİM-in əməkdaşları Atif Abbasova və Aysel Bədəlovaya da ürəkdən “sağ olun” demək istəyirəm” – deyə, Rafiq Hümmət qeyd edib.
Görüşün sonunda Xocornu məktəbinin müəllimlərindən Anar Şərifov və Hüseyn Əbdürrəhmanov çıxış edərək, öz adlarından xalqımızı hər iki bayram və Zəfər bayramı münasibətilə təbrik etmişlər. Onlar GAİM ailəsinə təşəkkür etməklər bərabər, Azərbaycan dövlətinə göstərdiyi qayğı və qiqqət üçün minnətdarlıqla dolu ürək sözlərini söyləmişlər.
Sonda qonaqlarla xatirə fotoşəkilləri çəkilib.