Gürcüstanda ilin sonunda qaz və su tariflərinə yenidən baxılacaq
Gürcüstanda cari ilin sonunda təbii qaz və su təchizatı tariflərinə yenidən baxılması planlaşdırılır. Elektrik enerjisinin tarifinə isə ilin sonunda yenidən baxılmayacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Enerji və Su Təchizatı üzrə Milli Tənzimləmə Komissiyasının sədri David Narmaniya bildirib.
“Bu ilin sonunda elektrik enerjisi tariflərinə yenidən baxılmasına ehtiyac yoxdur. Bir neçə ay əvvəl orta müddətli dövrdə qüvvədə olacaq yeni elektrik enerjisi tariflərini müəyyən etmişik. Cari ilin sonunda isə təbii qaz və su təchizatı tariflərinə yenidən baxmağı planlaşdırırıq, çünki onların qüvvədəolma müddəti məhz dekabrın sonunda başa çatır”, – deyə Narmaniya “BMG”yə açıqlamasında bildirib.
Məlumat üçün bildirək ki, cari ilin aprel ayından etibarən elektrik enerjisinin tarifləri orta hesabla 5 tetri bahalaşıb.
Hazırda Tbilisidə əhali üçün təbii qazın bir kubmetrinin tarifi 53,971 tetri təşkil edir. Bu tarif Gürcüstanın Enerji və Su Təchizatı üzrə Milli Tənzimləmə Komissiyası tərəfindən ilk dəfə 2021-ci ilin may ayında müəyyən edilib və 2021-ci il iyunun 1-dən qüvvəyə minib. Daha sonra tarifin qüvvədəolma müddəti dəyişdirilmədən əvvəl 2023–2025-ci illər, daha sonra isə 2026–2027-ci illər üçün uzadılıb.
Su təchizatına gəlincə, sayğacı olan abonentlər istehlak etdikləri hər kubmetr suya görə 0,50 lari ödəyirlər. Sayğacı olmayan abonentlər üçün isə yaşayış evində qeydiyyatda olan hər nəfərə görə aylıq ödəniş 4,517 lari təşkil edir.


