Alen Berse: Prosesin nəticəsini əvvəlcədən qiymətləndirmirəm, suverenlik və məhkəmənin müstəqilliyi prinsipinə hörmətlə yanaşıram, lakin hakim çoxluğu müxalifət üçün məkanı qorumağa çağırıram
Avropa Şurasının Baş katibi Alen Berse Gürcüstan hakimiyyətini demokratiyanı və siyasi plüralizmi qorumağa çağırıb. O, eyni zamanda, Konstitusiya Məhkəməsinin müstəqilliyi prinsipinə hörmət etdiyini bildirib.
InterPress.ge xəbər verir ki, Alen Berse bu barədə Gürcüstanda beş müxalifət partiyasının qadağan edilməsi ilə bağlı Konstitusiya Məhkəməsində proseslərin başlanması ərəfəsində açıqlama yayıb.
“Gürcüstan Konstitusiya Məhkəməsi beş müxalifət partiyasının qadağan edilməsi ilə bağlı işə baxmağa başlayır. İddia hakim çoxluğun 88 deputatı tərəfindən məhkəməyə təqdim edilib. Prosesin nəticəsini əvvəlcədən qiymətləndirmirəm və suverenlik və məhkəmə müstəqilliyi prinsiplərinə tam hörmət edirəm. Bununla yanaşı, hakim çoxluğu siyasi plüralizmi qorumağa və siyasi müxalifət üçün fəaliyyət məkanını saxlamağa çağırıram”, – deyə Alen Berse bildirib.
Onun sözlərinə görə, siyasi plüralizm sağlam demokratiyanın zəruri şərtidir və Avropa Şurasının üzvü olan Gürcüstanın üzərinə götürdüyü öhdəliklərdə mərkəzi yer tutur.
“İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı kimi Gürcüstan ifadə azadlığını, dinc toplaşmaq və birləşmək azadlığını təmin etməyə borcludur. Məhz bu hüquqlar müxtəlif siyasi qüvvələrə təşkilatlanmaq, mövqelərini ifadə etmək və seçkilərdə iştirak etmək imkanı verir.
Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna əsasən, siyasi partiyanın qadağan edilməsi xüsusilə inandırıcı əsaslandırma tələb edir və zərurilik və mütənasibliklə bağlı ciddi tələblərə cavab verməlidir. Bunlar ümumi Avropa hüquq məkanının fundamental standartlarıdır və Gürcüstan da həmin məkanın bir hissəsidir.
Hakim çoxluğun üzərinə bu şərtləri qorumaq və siyasi müxalifətin həm parlamentdə, həm də parlamentdən kənarda qanuni roluna hörmət etmək baxımından xüsusi məsuliyyət düşür.
Öz hakimiyyətinə qoyulan demokratik məhdudiyyətləri aradan qaldırmağa çalışan hakim partiya xidmət etdiyini iddia etdiyi ölkəni zəiflədir.
Bu proses vətəndaş cəmiyyətinə, müstəqil mediaya və dinc toplaşmaq azadlığına qoyulan məhdudiyyətlərin artdığı bir vaxtda baş verir. Bu hadisələr birlikdə Gürcüstanda demokratik idarəçilik üçün zəruri olan tarazlıq və qarşılıqlı nəzarət mexanizmlərini təhlükə altına qoyur.
Avropa Şurası baş verənləri diqqətlə izləyəcək və Konvensiyaya riayət olunmasına, öhdəliklərin yerinə yetirilməsinə, siyasi plüralizmin qorunmasına, eləcə də bütün vətəndaşların əsas hüquq və azadlıqlarının müdafiəsinə töhfə vermək məqsədilə Gürcüstanla dialoqu davam etdirəcək”, – deyə Alen Berse qeyd edib.
Məlumat üçün bildirək ki, Gürcüstan parlamentinin 88 deputatının Konstitusiya Məhkəməsinə təqdim etdiyi iddia beş siyasi partiyanın fəaliyyətinin qadağan edilməsini nəzərdə tutur. Bunlar “Birlik – Milli Hərəkat”, “Dəyişikliklər üçün Koalisiya – Qvaramia, Melia, Girçi, Droa”, “Güclü Gürcüstan – Lelo, Xalq üçün, Azadlıq üçün”, “Federalistlər Partiyası” və “Gürcüstan naminə Qaxariya” partiyalarıdır.
Konstitusiya Məhkəməsində iddianın müzakirəsinə oktyabrın 21-də başlanacaq.


