Marneulidə nikaha məcburetmə və məişət zorakılığı ittihamı ilə üç nəfər saxlanılıb
Marneuli bələdiyyəsində iki ayrı fakt üzrə ailə üzvünü nikaha məcburetmə və məişət zorakılığı ittihamı ilə üç nəfər saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, təqsirləndirilən şəxslər qadın və kişi bərabərliyinə qarşı dözümsüzlük motivi ilə öz övladlarını, o cümlədən yetkinlik yaşına çatmayan şəxsi, iradələrinin əksinə olaraq kənd sakinləri olan kişilərlə evlənməyə məcbur ediblər.
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində hər üç şəxsi saxlayıblar.
Faktlarla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 11¹-150¹ və 126¹-ci maddələri ilə istintaq aparılır. Həmin maddələr 4 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


