Fransanın sabiq baş naziri sosial şəbəkələrin müvəqqəti bloklanmasını təklif edir
Fransada prezidentliyə namizəd, sabiq baş nazir Qabriel Attal ölkədə genişmiqyaslı iğtişaşlar zamanı sosial şəbəkələrin müvəqqəti və seçici şəkildə bloklanmasını təklif edib.
InterPress.ge xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Attalın sözlərinə görə, hökumət zorakılıqla müşayiət olunan etiraz aksiyaları zamanı konkret ərazilərdə sosial platformalara çıxışı məhdudlaşdırmaq imkanına malik olmalıdır.
O hesab edir ki, sosial şəbəkələr gənclərin zorakı iğtişaşlara və talanlara qoşulmasına şərait yaradır.
“Evdə olan gənclər dostlarının talan etmək üçün küçələrə çıxdığını və cəzasız qaldığını görürlər. Onlar bütün bunları sosial şəbəkələrdə izləyirlər, sonra isə özləri də küçələrə çıxırlar”, – deyə Attal bildirib.
Fransanın sabiq baş nazirinin sözlərinə görə, sosial şəbəkələrə qoyulan məhdudiyyət yalnız müvəqqəti olmalı və iğtişaşların baş verdiyi əraziləri əhatə etməlidir.
Hazırda Fransa Prezidenti Emmanuel Makronun siyasi partiyasına rəhbərlik edən Qabriel Attal bu təkliflə ölkədə həftəsonu keçirilən genişmiqyaslı etiraz aksiyalarından sonra çıxış edib.
“Politico” qeyd edir ki, Attalın təklifinin həyata keçirilməsi hüquqi maneələrlə üzləşə bilər. 2024-cü ildə, Attalın baş nazir olduğu dövrdə Fransa hakimiyyəti genişmiqyaslı etirazlar fonunda Yeni Kaledoniyada “TikTok” platformasına çıxışı bloklamışdı. Daha sonra Fransanın ali inzibati məhkəməsi bu qərarı hüquq və azadlıqların qeyri-mütənasib məhdudlaşdırılması kimi qiymətləndirmişdi.
Bundan əlavə, nəşrin məlumatına görə, cari ilin yayında Fransanın Konstitusiya Şurası 15 yaşına çatmamış yeniyetmələrin sosial şəbəkələrdən istifadəsini qadağan etməyi nəzərdə tutan qanun layihəsini bloklayıb. Şuranın qiymətləndirməsinə əsasən, təşəbbüs yetkinlik yaşına çatmayanların ifadə və ünsiyyət azadlığını qeyri-mütənasib şəkildə məhdudlaşdırırdı.
Nəşr bildirir ki, sosial şəbəkələrə və internetə bu cür məhdudiyyətlər Çin, İran və Rusiyada, eləcə də Hindistanda daha geniş yayılıb. Bu ölkələrin bəzilərində müəyyən platformalar daimi olaraq bloklanır, etiraz aksiyaları zamanı isə hakimiyyət bəzən internetə çıxışı tamamilə məhdudlaşdırır.


