İrakli Kobaxidze: “Müxalifət spektrinin indiki vəziyyətdə qalması növbəti seçkilərdə bizim üçün daha əlverişli ola bilərdi”
“Subyektiv baxımdan, mövcud müxalifət spektrinin qorunub saxlanılması bizim üçün daha maraqlı ola bilərdi. Bu köhnəlmiş simalarla növbəti seçkiləri qazanmaq bizim üçün daha asan ola bilərdi”.
InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze müxalifət partiyalarının qadağan edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə təqdim olunan iddia barədə danışarkən bildirib. Məhkəmə iddianın müzakirəsinə sabah, oktyabrın 21-də başlayacaq.
Kobaxidzenin sözlərinə görə, “Gürcü Arzusu” iddianı təqdim edərkən şəxsi və subyektiv maraqlarını deyil, ölkənin və gürcü xalqının maraqlarını əsas götürüb. Onun sözlərinə görə, bu maraqlar siyasi sistemin sağlamlaşdırılmasından ibarətdir.
“Onların günləri sayılıdır. Konstitusiya Məhkəməsinə çox aydın şəkildə formalaşdırılmış iddia təqdim etmişik. Bu iddia ilə bağlı bir məqamı da qeyd edəcəyəm: subyektiv baxımdan, mövcud spektrin qorunub saxlanılması bizim üçün daha maraqlı ola bilərdi. Biz hər dəfə bu radikal, birləşmiş müxalifət qüvvəsini, əslində, ‘agentura’ olan və özünü müxalifət adlandıran qüvvəni çox asanlıqla məğlub edirik.
Bu köhnəlmiş simalarla növbəti seçkiləri qazanmaq bizim üçün daha asan ola bilərdi. Lakin burada əsas məsələ bizim subyektiv maraqlarımız deyil. Əsas məsələ ondan ibarətdir ki, siyasi sistemin və demokratik sistemin sağlamlaşdırılması gürcü xalqının maraqlarına uyğundur.
Müvafiq olaraq, Konstitusiya Məhkəməsinə iddia təqdim edərkən öz subyektiv maraqlarımızı deyil, Gürcüstan cəmiyyətinin və ölkəmizin obyektiv maraqlarını əsas götürmüşük”, – deyə Kobaxidze bildirib.


