Mixeil Saakaşvili: “İvanişvili ‘özbaşınadır’ – bununla hamıya həbsxanada daha müdafiəsiz olacaqlarını deyir”
Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili Qldani həbsxanasında məhbus David Peikrişviliyə qarşı zorakılıq törədildiyi barədə yayılan məlumatları şərh edərək, “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvilini ittiham edib. Saakaşvili hadisəni hakimiyyətin insanlara həbsxanada da təhlükəsiz olmadıqlarını göstərmək cəhdi kimi qiymətləndirib.
InterPress.ge xəbər verir ki, Mixeil Saakaşvili bu barədə sosial şəbəkədə yazıb. O, mediada Qldani həbsxanasında məhkum David Peikrişvili ilə digər təqsirləndirilən şəxslər, o cümlədən Vato Kipiani və daha dörd nəfər arasında fiziki qarşıdurma baş verdiyi barədə yayılan məlumatlara münasibət bildirib.
Saakaşvilinin iddiasına görə, Bidzina İvanişvili Peikrişvili qardaşlarının həbsxanadan yazdığı məktublardan narazı qalıb və Bera İvanişvilinin yaxın çevrəsində olan şəxslərə məsələni həll etməyi tapşırıb.
“Artıq mənə hər şey gün kimi aydındır. İvanişvilinin Peikrişvili qardaşlarının həbsxanadan yazdığı məktublardan xoşu gəlməyib. Beranın ən yaxın dostları Kastroya və Kipianiyə deyiblər ki, bu məsələni necə istəyirsinizsə, elə də həll edin. Onlar da deyiblər ki, bizi Peikrişvililərin yanına buraxın, sonra özümüz bilərik.
Vake parkındakı kafedə guya dava baş vermiş kimi çox ucuz bir səhnə qurublar. Bunun qurama olduğu görüntülərdə də aydın görünür. Sonra guya onları həbs ediblər, həbsxanaya göndəriblər və orada İvanişvilinin qəzəbləndiyi Peikrişvililərlə amansız davranıblar. Nədənsə, onların kamerasında müşahidə kamerası olmayıb, halbuki belə kameralar sistemin bütün kameralarında quraşdırılıb, yalnız bu kameradan başqa.
İnsanlar, heç olmasa, hansı vəziyyətə düşdüyümüzü anlayırsınızmı?
Mən sizi xəbərdar edirdim ki, İvanişvili ‘bespredelşikdir’, amma çoxları bunu şişirtmə hesab edirdi. İndi görün, ‘bespredel’ necə görünür. Bununla hamıya deyir: ‘Əvvəl sizi həbsxanaya salacağıq, sonra orada ən müdafiəsiz vəziyyətdə olacaqsınız’. Bu, yalnız başlanğıcdır. Əgər özümüz buna son qoymasaq, davam edəcək”, – deyə Saakaşvili yazıb.
Xatırladaq ki, Qldanidəki 8 saylı penitensiar müəssisədə baş verdiyi iddia olunan fiziki qarşıdurma barədə David Peikrişvilinin vəkili Paata Qoyiaşvili mediaya məlumat verib.
Vəkilin sözlərinə görə, David Peikrişvilinin saxlanıldığı kameraya digər təqsirləndirilən şəxslər – Vato Kipiani, Avtandil Bilanışvili (Kastro), Şota Kipiani, Kaçarava və Qotsiridze yerləşdirilib və onlar Peikrişviliyə fiziki zor tətbiq ediblər. Nəticədə Peikrişvili bədən xəsarətləri, o cümlədən sınıqlar alıb.
Vəkilin bildirdiyinə görə, hücum edənlər ondan mobil telefonda quraşdırılmış kodu tələb ediblər. Paata Qoyiaşvilinin məlumatına əsasən, qardaşının həyatını xilas etmək məqsədilə David Peikrişviliyə qarşı zorakılıqdan sonra eyni həbsxanada, lakin başqa kamerada saxlanılan Qoqа Peikrişvili damarlarını kəsib.
Penitensiar Xidmət isə 8 saylı müəssisədə baş verdiyi iddia olunan hadisə ilə bağlı yayılan məlumatları təkzib edib. Qurumun açıqlamasında David Peikrişviliyə kamera yoldaşları tərəfindən hər hansı zorakılıq edilmədiyi bildirilib.
“Onu vəkilinin yanına çıxarıblar. Həmin vaxt o, qəfil sürətlə otağı tərk edib, dəhlizdəki pəncərənin şüşəsini sındırıb və özünə xəsarət yetirməklə hədələyib”, – deyə Penitensiar Xidmətin açıqlamasında qeyd olunub.
Təqsirləndirilən Vato Kipiani də qarşıdurma barədə yayılan məlumatları təkzib edir. Onun vəkilinin sözlərinə görə, Kipiani David Peikrişvili ilə eyni kameraya yerləşdirildiyini və onunla münaqişə yaşadığını qəti şəkildə inkar edir. Vəkil bildirib ki, Kipiani bütün halların istintaq zamanı aydınlaşdırılacağı qənaətindədir.
Məhbus David Peikrişvilinin sağlamlığına zərər vurulması faktı ilə bağlı istintaqa Gürcüstan Ədliyyə Nazirliyinin Baş Müfəttişliyinin İstintaq İdarəsi başlayıb.


