Volodimir Zelenski: Mövcud cəbhə xətti boyunca müharibənin dondurulması onun başa çatdırılması üçün real yol ola bilər
Ukrayna Prezidenti Volodimir Zelenski mövcud cəbhə xətti boyunca müharibəni donduracaq sülh sazişinə razı olacağını bildirib. O, bunu müharibənin başa çatdırılması üçün real yol hesab edir.
InterPress.ge xəbər verir ki, Zelenski bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
Ona “Mövcud vəziyyəti dəyişməz saxlayacaq və ölkənizin ərazisinin 75 faizinin və ya daha çoxunun sizin nəzarətinizdə qalmasını təmin edəcək sülh sazişinə razı olardınızmı? Bütün bunların necə başlamasından asılı olmayaraq, mövcud şəraitdə razılığa gəlməyə razı olardınızmı?” sualı ünvanlanıb.
Zelenski suala belə cavab verib: “Bəli. Əgər hazırda vəziyyəti dondurmalı olsaq, düşünürəm ki, bu, müharibənin başa çatdırılması üçün real yoldur”.
“Biz bunu atəşkəs və ya Prezident Trampın ifadə etdiyi kimi, qətllərin dayandırılması adlandırırıq. Vəziyyəti donduraq və dayandıraq. Əlbəttə, bu, hazırda Rusiyadan tələb etdiyimiz minimum şərtdir”, – deyə Ukrayna Prezidenti bildirib.
Onun sözlərinə görə, bundan sonra Ukrayna sülhü və təhlükəsizliyi təmin etmək üçün ABŞ Prezidenti Donald Trampdan və Avropadakı müttəfiqlərindən təhlükəsizlik zəmanətləri tələb edəcək.
“Bundan sonra, təbii ki, təhlükəsizlik zəmanətləri almaq üçün Prezidentə və Avropalı tərəfdaşlarımıza müraciət edəcəyik. Ən vacib məsələ təhlükəsiz sülhdür”, – deyə Zelenski vurğulayıb.


