Tbilisidə qətlə yetirilən azərbaycanlı qızla bağlı yeni detallar açıqlanıb
Tbilisidə qətlə yetirilən azərbaycanlı gənc qızla bağlı yeni detallar məlum olub. Məlumata görə, qətlə yetirilən gənc qadın Azərbaycandan sevgilisinin vədlərinə inanaraq Gürcüstana gəlib. Cinayətdə şübhəli bilinən şəxs isə hadisədən sonra Türkiyəyə qaçıb və hazırda axtarışa verilib.
InterPress.ge xəbər verir ki, bu barədə sosial şəbəkədə "Sapari" təşkilatının rəhbəri Baia Pataraia məlumat yayıb.
Onun sözlərinə görə, qətlə yetirilən qızla iki gün ərzində əlaqə saxlamaq mümkün olmayıb. Bundan sonra polis mənzilin qapısını sındıraraq içəri daxil olub və gənc qadının meyitini aşkarlayıb.
Baia Pataraia bildirib ki, azərbaycanlı qız sevgilisinin "Gürcüstana birlikdə yaşamağa və işləməyə gedək" vədinə inanaraq ölkəyə gəlib. Lakin vəd edilən iş olmayıb. Pul qurtardıqdan və qızın mobil telefonu lombarda qoyulduqdan sonra oğlan onu döyərək küçədə, köməksiz vəziyyətdə qoyub və təkbaşına Azərbaycana qayıdıb.
Hüquq müdafiəçisinin sözlərinə görə, daha sonra bir erməni qadın zərərçəkənə sığınacaq verib, onun yaxınları ilə əlaqə saxlamasına kömək edib. Bir müddət sonra qızın qohumlarından biri Gürcüstana gələrək onun üçün mənzil kirayələyib və vəziyyət sabitləşdikdən sonra Azərbaycana qaytaracağını bildirib.
Baia Pataraia qeyd edir ki, bir neçə ay sonra qız qəfil yoxa çıxıb. Azərbaycanda yaşayan bacısı onunla əlaqə saxlaya bilmədiyi üçün həmin erməni qadına müraciət edib. Qadın mənzilə gedərək qapının açılmadığını görüb. Qonşular isə əvvəlki gecə mənzildən güclü mübahisə səslərinin gəldiyini bildiriblər.
Bundan sonra polis hadisə yerinə çağırılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları mənzilin qapısını sındıraraq içəri daxil olublar və gənc qadının meyitini aşkar ediblər. Məlumata görə, qətldə şübhəli bilinən şəxs Türkiyəyə qaçıb və onun barəsində axtarış elan olunub.
Baia Pataraia bildirib ki, "Sapari" təşkilatı artıq Gürcüstan Prokurorluğuna müraciət edərək öldürülən qızın bacısı adından işə zərərçəkmiş tərəfin nümayəndəsi kimi qoşulmaq üçün vəsatət qaldırıb.
Qeyd edək ki, Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adamöldürməni nəzərdə tutan 108-ci maddəsi ilə istintaq aparıldığını açıqlayıb. Hazırda cinayət işi üzrə istintaq davam edir.


