26 
Iyn
2026
22:44
168

SEMEK "Mamedi" MMC-nin lisenziyasının ləğvi proseduruna başlayıb

Gürcüstanın Energetika və Su Təchizatı üzrə Milli Tənzimləmə Komissiyası (SEMEK) "Mamedi" MMC-nin təbii qazın paylanması üzrə lisenziyasının ləğvi ilə bağlı ictimai inzibati icraata başlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə SEMEK məlumat yayıb.

Məlumata görə, "Mamedi" MMC-nin lisenziya fəaliyyəti Marneuli bələdiyyəsinin Qızılhacılı kəndini əhatə edir.

Komissiya bildirir ki, "Mamedi" MMC-nin təbii qazın paylanması üzrə lisenziyasının ləğv edilməsi əhalinin təbii qazla təminatında heç bir fasiləyə səbəb olmayacaq. İstehlakçılar təbii qazı fasiləsiz almağa davam edəcəklər.

İctimai inzibati icraat çərçivəsində SEMEK-in fərdi inzibati-hüquqi aktı ilə bağlı rəy və təkliflərin təqdim edilməsi üçün son tarix 24 iyul 2026-cı il, hüquqi aktın qəbul edilməsi üçün son tarix isə 24 sentyabr 2026-cı il müəyyən edilib.

İctimai inzibati icraatla bağlı ətraflı məlumat SEMEK-in rəsmi internet səhifəsində yerləşdirilib.

Qazpaylayıcı "Mamedi" MMC-nin təbii qazın paylanması üzrə lisenziyasının ləğv edilməsinə əsas kimi lisenziya şərtlərinin yerinə yetirilməməsi göstərilir.

SEMEK-in məlumatına görə, "Mamedi" MMC aldığı təbii qaza görə yığılan borcları ödəməyib və bu səbəbdən təbii qazın verilişi dayandırılıb.

Bundan əlavə, "Mamedi" MMC-nin lisenziya fəaliyyət göstərdiyi ərazi olan Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində məişət abonentləri üçün SEMEK tərəfindən təbii qazın tarifi ƏDV daxil olmaqla 47 tetri müəyyən edilsə də, şirkət istehlakçılardan özbaşına ƏDV daxil olmaqla 57 tetri tarif tətbiq edib.

SEMEK bildirir ki, bu faktla bağlı hazırda müvafiq istintaq orqanları tərəfindən araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər