26 
Iyn
2026
19:25
159

İrakli Kobaxidze deputatlar arasında baş vermiş fiziki qarşıdurma ilə bağlı: Təəssüf ki, kişi kişiyə, qadın da qadına bənzəmir

Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentdə deputatlar arasında baş vermiş fiziki qarşıdurmaya münasibət bildirib.

InterPress.ge xəbər verir ki, Baş nazirin sözlərinə görə, müxalifət nümayəndələrinin arqumentləri olmadığı üçün onlar təhqir və fiziki qarşıdurmaya əl atıblar.

"Zalda baş verənlər həqiqətən də çox təəssüf doğurur. Agentura bir daha öz simasını göstərdi. Deyəcək sözləri olmadığını görəndə kobudluğa, təhqirə və fiziki qarşıdurmaya keçdilər. Bu, onların biabırçı simasıdır. Təhsil, intellekt və vətənpərvərlik olmayanda başqa cür davranmaq da çətindir", – deyə İrakli Kobaxidze bildirib.

Baş nazir əlavə edib ki, bugünkü müxalifətlə bir əsr əvvəlki "gürcü bolşevikləri" arasında oxşarlıq var.

"Çox təəssüf ki, kişi kişiyə, qadın da qadına bənzəmir. Bu, onların ümumi simasıdır. Ləyaqətini itirmiş insanların birliyidir. Bir əsr əvvəl gürcü bolşevikləri də belə idi. Onlar da öz simalarını itirmişdilər. Bu, həmin bolşevik ruhunun yenidən təzahürüdür. O dövrün bolşevikləri ilə bu gün əvvəllər müxalifət adlandırdığımız agenturanın ortaq cəhəti ondan ibarətdir ki, hər ikisi agentura idi. Casusluğa imza atdıqdan sonra ləyaqətli davranmaq mümkün deyil", – deyə Baş nazir qeyd edib.

Bizimlə əlaqə saxlayın