İrakli Kobaxidze: Korrupsiya əlamətləri olan müqavilələr barədə konkret faktlar təqdim edilsin, dərhal reaksiya veriləcək
"Gürcüstanda istər əvvəl, istərsə də hazırda bağlanmış müqavilələrdə korrupsiya əlamətləri varsa, konkret faktlar təqdim olunsun və buna dərhal reaksiya veriləcək."
InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentdə çıxışı zamanı bildirib.
Baş nazir korrupsiya əlamətləri ilə bağlı ümumi ittihamlar səsləndirmək əvəzinə konkret faktların təqdim olunmasına çağırış edib.
"Cari müqavilələrlə bağlı burada qeyd olundu ki, əvvəllər bağlanmış müqavilələr arasında korrupsiya əlamətləri olanlar var. Mən bunu dəfələrlə demişəm və bir daha təkrar edirəm – istər köhnə, istərsə də yeni bağlanmış müqavilə olsun, əgər haradasa korrupsiya əlamətləri görürsünüzsə, konkret faktları təqdim edin və dərhal reaksiya veriləcək. Ümumi danışmayın, konkret faktlar göstərin. Əgər konkret fakt varsa, təqdim edin və reaksiyamız operativ olacaq", – deyə İrakli Kobaxidze bildirib.
Baş nazir əlavə edib ki, eyni yanaşma məcburi köçkün vətəndaşla bağlı səsləndirilən iddialara da aiddir.
"Burada konkret bir məcburi köçkün vətəndaşdan bəhs olundu. O iddia edirdi ki, ona korrupsiya motivi ilə aşağı bal verilib. Bu barədə də konkret fakt təqdim edin və dərhal reaksiya veriləcək. Bu, sizə etdiyimiz çox aydın təklifdir", – deyə Baş nazir vurğulayıb.


