Kvemo Kartlidə saxta yuyucu toz istehsal edən şəxslər saxlanıldı
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Kvemo Kartli Dairə Prokurorluğu ilə birgə həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində əvvəlcədən əlbir olan bir qrup tərəfindən başqasına məxsus əmtəə nişanından külli miqdarda qanunsuz istifadə və saxta məhsul hazırlanması faktı üzrə Türkiyə Respublikasının iki vətəndaşını saxlayıblar.
InterPress.ge xəbər verir ki, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər qanunsuz maddi gəlir əldə etmək məqsədilə Kvemo Kartli bölgəsində kustar üsulla fəaliyyət göstərən istehsal sexi yaradıblar. Onlar mütəmadi olaraq yuyucu toz istehsal edir və məhsulları ABC, Ariel, Tide və Persil brendlərinin əmtəə nişanlarından qanunsuz istifadə etməklə satışa çıxarırdılar.
İstintaq tədbirləri nəticəsində satış üçün hazırlanmış, qeyd olunan brendlərin saxta əmtəə nişanları ilə markalanmış 1 325 ədəd yuyucu toz götürülüb.
Bundan əlavə, axtarış zamanı həmin məhsullar üçün nəzərdə tutulmuş 5 818 ədəd boş qablaşdırma, 632 kisə aşağı keyfiyyətli yuyucu toz, 28 kisə duz, müxtəlif aromatizatorlar, boyaq maddələri, eləcə də məhsulun istehsalı və qablaşdırılması üçün istifadə olunan texniki avadanlıqlar aşkar edilərək götürülüb.
Hazırda cinayətdə iştirak etmiş digər şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması, həmçinin saxta məhsulların satışa çıxarıldığı ticarət obyektlərinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 196-cı maddəsinin 3-cü hissəsi ilə istintaq aparılır. Həmin maddə 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Məlumatı Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti yayıb.


