23 
Iyn
2026
20:01
244

Xarici vətəndaşların nəzərinə - YENİ QAYDA İLƏ BAĞLI DİN MƏLUMAT YAYIR

Gürcüstan parlamenti miqrasiya proseslərinin daha effektiv idarə olunması və dövlət təhlükəsizliyinin gücləndirilməsi məqsədilə hazırlanmış qanunvericilik dəyişikliklərini ilk oxunuşda dəstəkləyib.

InterPress.ge xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin müəllifi olduğu “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” qanuna dəyişikliklər paketini deputatlara daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze təqdim edib.

Dəyişikliklərə əsasən, ali və peşə təhsili müəssisələrinə qəbul olunan xarici tələbələr üçün əlavə tələblər müəyyən edilir. Bunlara beynəlxalq dil sertifikatının təqdim edilməsi və ya Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin (NAEC) təşkil etdiyi xarici dil və ya dövlət dili imtahanından keçmək daxildir.

Nazirliyin məlumatına görə, bu tənzimləmə xarici dilli proqramlara müvafiq dil biliyi olmadan qəbul hallarının qarşısını alacaq.

Bununla yanaşı, təhsil müəssisələri xarici tələbələrin qəbulu, qeydiyyatı, statusunun dayandırılması, bərpası, təhsilini başa vurması və digər məlumatları vahid informasiya sisteminə daxil etməyə borclu olacaqlar. Həmin sistemə aidiyyəti dövlət qurumları çıxış əldə edəcəklər.

Yeni qaydalara əsasən, xarici tələbələrin qeydiyyatı ilə bağlı tələbləri pozan təhsil müəssisələri inzibati məsuliyyət daşıyacaqlar. Sanksiya olaraq həm cərimə, həm də xarici tələbə qəbulunun məhdudlaşdırılması tətbiq edilə bilər.

Qanun layihəsində təhsil üzrə yaşayış icazəsi ilə bağlı da dəyişikliklər nəzərdə tutulub. Bu icazə yalnız yetkinlik yaşına çatmış şəxslərə və yalnız akkreditasiyadan keçmiş ali və ya peşə təhsili müəssisələrində təhsil aldıqları halda veriləcək.

Bundan əlavə, yaşayış icazəsinin ləğv olunması üçün əsaslar da müəyyən edilir. Tələbə akademik tələbləri yerinə yetirmədikdə, əmək fəaliyyəti ilə bağlı şərtləri pozduqda və ya qanunla müəyyən edilmiş müddətdə faktiki olaraq Gürcüstanda olmadıqda yaşayış icazəsi ləğv edilə bilər.

Qanunvericilik dəyişiklikləri Gürcüstan vətəndaşı ilə əcnəbi arasında bağlanan nikahlar əsasında verilən yaşayış icazələrini də əhatə edir.

Yeni dəyişikliklərə əsasən, “Gürcüstan vətəndaşının həyat yoldaşının yaşayış icazəsi” adlı yeni icazə növü müəyyən edilir və daimi yaşayış icazəsi əldə olunana qədər qüvvədə olacaq. Bu icazənin verilməsindən əvvəl nikahın həqiqiliyi yoxlanılacaq və bunun üçün xüsusi komissiya yaradılacaq.

Layihəyə görə, Gürcüstan vətəndaşlığı, yaşayış icazəsi və ya ölkədə qalmaq üçün digər hüquqi əsas əldə etmək məqsədilə bağlanan saxta nikahlar cinayət məsuliyyəti yaradacaq.

Belə hallarda əcnəbinin Gürcüstandan deportasiyası, 2 ildən 10 ilədək ölkəyə giriş qadağası, cərimə, 1 ildən 2 ilədək ev dustaqlığı və ya 2 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər.

Qanunvericilik paketi, həmçinin xarici məhkumların cəzasının çəkilməmiş hissəsinin deportasiya və ölkəyə giriş qadağası ilə əvəz olunmasını nəzərdə tutur.

Dəyişikliklərə əsasən, qeyri-qanuni miqrasiyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinə əməliyyat-axtarış tədbirləri həyata keçirmək səlahiyyəti veriləcək.

Məhkəmə icraatında da dəyişikliklər nəzərdə tutulur. Belə ki, qərarlardan şikayət vermə müddətləri azaldılır, işlərə baxılma müddəti qısaldılır və bəzi hallarda işlərin şifahi dinləmə keçirilmədən baxılması mümkün olacaq.

Daxili İşlər Nazirliyinin məlumatına görə, qanunvericilik dəyişiklikləri Ədliyyə Nazirliyi, Təhsil, Elm və Gənclər Nazirliyi və digər dövlət qurumları ilə sıx koordinasiya şəraitində hazırlanıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər