ABŞ-yə sığınacaq və viza vədləri ilə dələduzluq edən iki cinayətkar qrup ifşa olunub
Gürcüstan Prokurorluğu və ABŞ Səfirliyinin Regional Təhlükəsizlik Xidmətinin birgə keçirdiyi əməliyyat nəticəsində iki mütəşəkkil cinayətkar qrupun fəaliyyəti ifşa edilib.
InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi prokuroru Qiorqi Mikaya brifinqdə məlumat verib.
Onun sözlərinə görə, ABŞ-də miqrasiya siyasətinin sərtləşdirilməsindən sonra Gürcüstanın dörd vətəndaşı mütəşəkkil cinayətkar qrup yaradaraq ABŞ-də sığınacaq almaq istəyən şəxslərə saxta sənədlər və uydurma hekayələr hazırlayıb. Onlar müştərilərinə sığınacaq üçün lazım olan “keys”lərin hazırlanması, sübutların toplanması və məhkəmədə dəstək göstərilməsi vədi veriblər.
İstintaqla müəyyən edilib ki, ABŞ-də sığınacaq almaq məqsədilə bu qrupun xidmətlərindən istifadə edən 366 Gürcüstan vətəndaşı olub.
Qrup üzvləri guya şəxslərin Gürcüstanda siyasi baxışlarına və ya cinsi orientasiyalarına görə təqib olunduqlarını göstərən saxta hekayələr hazırlayıb, onları təsdiqləmək üçün isə saxta sənədlər tərtib ediblər. Bunun müqabilində vətəndaşlardan 1 000–1 500 ABŞ dolları, sənədlərin hazırlanmasına görə isə əlavə 3 000 dollar tələb ediblər. Bundan başqa, işin uğurla nəticələnəcəyi vədi ilə hər şəxsdən 6 000–8 000 dollar əlavə ödəniş alıblar.
Araşdırma zamanı müəyyən olunub ki, qrupun iki üzvü ABŞ-də miqrasiya saxlanma mərkəzlərində olan Gürcüstan vətəndaşlarına yardım vədi verərək dörd nəfərdən ümumilikdə 10 000 ABŞ dolları alıb, lakin heç bir yardım göstərməyib.
İstintaq həmçinin müəyyən edib ki, qrup üzvləri Kanada vizası almaqda kömək vədi ilə də saxta bank çıxarışları, iş yerindən arayışlar və digər rəsmi sənədlər hazırlayıblar.
Birgə əməliyyat çərçivəsində ABŞ vizalarının alınmasına kömək etdiyini iddia edən daha bir mütəşəkkil cinayətkar qrup da ifşa olunub. Qrup üzvləri sosial şəbəkələrdə elanlar yerləşdirərək ABŞ-yə getmək istəyən şəxslərə viza almaqda yardım təklif ediblər.
İstintaqa görə, onlar 65 Gürcüstan vətəndaşı üçün ABŞ səfirliyinə təqdim edilmək məqsədilə saxta sənədlər hazırlayıb veriblər. Bu sənədlər vasitəsilə bəzi şəxslər viza ala bilsələr də, sonradan səfirliyin apardığı yoxlamalar nəticəsində saxtakarlıq üzə çıxıb və həmin şəxslərin vizaları ləğv edilib.
Məlumata əsasən, 2025-ci ilin yanvarından 2026-cı ilin fevralınadək qrup üzvləri bu fəaliyyət nəticəsində vətəndaşlardan 142 786 ABŞ dolları, 15 095 lari və 1 560 avro əldə ediblər.
Prokurorluğun məlumatına görə, iş üzrə 3 nəfər saxlanılıb, daha 6 nəfərə qarşı cinayət təqibi başlanıb. Təqsirləndirilən şəxslərə qarşı dələduzluq, saxta sənədlərin hazırlanması və satılması, eləcə də Gürcüstan vətəndaşlarının xarici ölkələrdə qanunsuz qalmasına və beynəlxalq müdafiə almaq üçün yalan məlumat təqdim etməsinə yardım göstərilməsi maddələri ilə ittiham irəli sürüləcək.
Bu cinayətlərə görə 9 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Prokurorluq bildirib ki, istintaq davam etdirilir və digər iştirakçıların müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür.


