11 
May
2026
18:49
274

Seyid Mirtağı Əsədov Şio III-ü təbrik edib

Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Seyid Mirtağı Əsədov Gürcüstan Pravoslav Kilsəsinin yeni Katolikos-Patriarxı seçilən Şio III (Muciri) ilə bağlı sosial şəbəkədə paylaşım edib.

InterPress.ge xəbər verir ki, paylaşımda Şio III-ün seçilməsi münasibətilə səmimi təbriklər çatdırılıb.

“Gürcüstan Pravoslav Kilsəsinin yeni Katolikos-Patriarxı olaraq III Şio Muciri həzrətlərinin seçilməsi münasibətilə səmimi təbriklərimizi çatdırırıq.

Bu mühüm və məsuliyyətli vəzifəyə seçilməyinizi Gürcüstanın dini-mənəvi həyatında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirir, Uca Allahdan Sizə hikmət, möhkəm iradə və uğurlu xidmət nəsib etməsini diləyirik”, – deyə paylaşımda qeyd olunub.

Seyid Mirtağı Əsədov bildirib ki, Gürcüstanda dinlərarası dialoq və qarşılıqlı hörmət xüsusi əhəmiyyət daşıyır.

“Əsrlər boyu müxtəlif dinlərin, millətlərin və mədəniyyətlərin qarşılıqlı hörmət və anlaşma şəraitində yaşadığı Gürcüstanda dinlərarası dialoq, qarşılıqlı etimad və mənəvi həmrəylik xüsusi əhəmiyyət daşıyır. İnanırıq ki, Sizin rəhbərliyiniz dövründə də xalqlarımız arasında dostluq, qardaşlıq münasibətləri, dini tolerantlıq və ümumbəşəri insani dəyərlər daha da möhkəmlənəcəkdir.

Müsəlman və xristian icmaları arasında qarşılıqlı ehtiramın, birgə əməkdaşlığın və sülh mədəniyyətinin inkişafı regionumuzda sabitlik və mənəvi birlik üçün mühüm töhfədir”, – deyə bəyanatda vurğulanıb.

Paylaşımda həmçinin Gürcüstanın rifahı, ərazi bütövlüyü və xalqının əmin-amanlığı üçün dualar edildiyi qeyd olunub.

“Bu müqəddəs missiyada Sizə uğurlar arzulayır, Gürcüstanın rifahı, ərazi bütövlüyü və xalqının əmin-amanlığı naminə dualar edirik.

Uca Allahdan Sizə uzun ömür, möhkəm can sağlığı və xeyirli xidmət diləyirik”, – deyə paylaşımda bildirilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər