İrakli Kobaxidze Şio III-ü təbrik edib
“Bu gün milli və mənəvi həyatımızın tarixində yeni səhifə açıldı – Gürcüstanın Apostol Avtokefal Pravoslav Kilsəsinin yeni rəhbəri var. Bütün Gürcüstanı Katolikos-Patriarxın seçilməsi münasibətilə təbrik edirəm!”
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin yaydığı bəyanatda qeyd olunub.
Baş nazir bildirib ki, Şio III-ün rəhbərliyinin Gürcüstanın sülhsevər, vahid və güclü gələcəyinə xidmət edəcəyinə inanır.
“Müqəddəs və mübarək Şio III, Sizi bu son dərəcə şərəfli və eyni zamanda olduqca məsuliyyətli missiyaya seçilməyiniz münasibətilə böyük ehtiramla təbrik edirəm. İnanırıq ki, Siz onilliklər ərzində müqəddəs və mübarək Patriarxımız II İliyanın xüsusi müdriklik və sevgi ilə yaratdığı böyük mənəvi irsi layiqincə davam etdirəcəksiniz.
Ana kilsə hər zaman Gürcüstan dövlətçiliyinin və xalqın mənəvi möhkəmliyinin sarsılmaz dayağı olub. Məhz pravoslav inancı ölkəmizi bu günə gətirib çıxaran əbədi dəyərləri qoruyub saxlayıb. İnanıram ki, Sizin ruhani rəhbərliyiniz Vətənimizin sülhsevər, vahid və güclü gələcəyinə xidmət edəcək.
Tanrı ölkəmizi və onun yeni mənəvi atasını qorusun!” – deyə İrakli Kobaxidze bildirib.
Qeyd edək ki, Gürcüstan Pravoslav Kilsəsinin yeni rəhbəri genişləndirilmiş kilsə şurasında seçilib. Senaki və Çxorotsku mitropoliti Şio (Muciri) 22 səs toplayaraq ölkənin 142-ci Katolikos-Patriarxı olub.
Digər namizədlərdən Urbnisi və Rui yeparxiyasının mitropoliti İob 9 səs, Poti və Xobi mitropoliti Qriqoli isə 7 səs alıb. Bir səs etibarsız sayılıb.
Genişləndirilmiş kilsə şurasının açıqlamasına əsasən, yeni seçilmiş Patriarxa Şio III adı verilib.


