11 
May
2026
16:23
202

Bidzina İvanişvili Şio III-ü təbrik edib

Bidzina və Ekaterina İvanişvililər Gürcüstan Pravoslav Kilsəsinin yeni Katolikos-Patriarxı seçilən Şio III-ü təbrik ediblər.

InterPress.ge xəbər verir ki, yayılan təbrik məktubunda qeyd olunur ki, yeni patriarxın üzərinə Gürcüstan Pravoslav Kilsəsinə rəhbərlik etmək və hər bir pravoslav gürcünün mənəvi atası olmaq kimi şərəfli və eyni zamanda məsuliyyətli missiya düşür.

“Təqdis olunmuş Həzrətiniz, Sizi Gürcüstan Pravoslav Kilsəsinin Katolikos-Patriarxı seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirik. Bu gündən etibarən üzərinizə ana kilsəmizə rəhbərlik etmək və hər bir pravoslav gürcünün – həm xalqın, həm də ruhani şəxslərin mənəvi atası olmaq kimi şərəfli və eyni zamanda böyük məsuliyyət tələb edən missiya düşür”, – deyə məktubda bildirilir.

Təbrikdə vurğulanır ki, cəmiyyətin xüsusilə mənəvi möhkəmliyə, birliyə və sülhə ehtiyac duyduğu bir dövrdə kilsəyə və ölkəyə xidmət etmək böyük tarixi məsuliyyətdir.

“Bu məsuliyyət daha da böyüyür, çünki Siz yarım əsr ərzində çətin və sarsıntılarla dolu dövrdə xalqımızı və ölkəmizi ləyaqətlə idarə etmiş bütün Gürcüstanın Katolikos-Patriarxı, müqəddəs və mübarək II İliyanın yolunu davam etdirirsiniz.

İnanırıq ki, Sizin fəaliyyətiniz sakitliyin, həmrəyliyin və milli birliyin əsasına çevriləcək, Gürcüstan Kilsəsinin çoxəsrlik ənənələrini və milli kimliyimizin dayandığı dəyərləri daha da möhkəmləndirəcək.

Sizə möhkəm can sağlığı, güc və mənəvi möhkəmlik arzulayırıq. Tanrı Sizin Müqəddəsliyinizi və bütün Gürcüstanı qorusun!”, – deyə Bidzina və Ekaterina İvanişvililərin bəyanatında qeyd olunub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər