Gürcüstandan 101 xarici vətəndaş deportasiya olunub
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlər həyata keçirilən tədbirlər nəticəsində 101 xarici ölkə vətəndaşını ölkədən çıxarıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, həyata keçirilən kompleks tədbirlər nəticəsində Türkmənistan, Hindistan, Türkiyə, İraq, Azərbaycan, Rusiya, Özbəkistan, Nigeriya, Banqladeş, İordaniya, Keniya, Sudan, Belarus, Uqanda, Nepal, Pakistan, Filippin, Qırğızıstan, Zimbabve, Livan və digər ölkələrin vətəndaşları olmaqla ümumilikdə 101 nəfər deportasiya edilib.
Nazirlikdən bildirilib ki, cari ilin ilk dörd ayı ərzində ölkədən çıxarılan qanunsuz miqrantların sayı demək olar ki, ötən ilin ümumi göstəricisinə bərabərdir.
Qeyd olunub ki, 2025-ci ildə aparılan intensiv tədbirlər nəticəsində ümumilikdə 1 311 xarici ölkə vətəndaşı Gürcüstandan deportasiya edilib.
Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya olunan şəxslərə ölkəyə giriş qadağası tətbiq edilib.


