05 
May
2026
00:50
185

Marneulidə Zəlimxan Yaqubun xatirəsinə həsr olunan tədbir keçirilib

Marneuli şəhərində “Azərbaycan Evi”nin və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) birgə təşkilatçılığı, eləcə də Gürcüstandakı Azərbaycandilli Məktəblər Birliyinin təşəbbüsü ilə Türk dünyasının görkəmli şairi Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş “Özün basdırdığın ağaca söykən” adlı tədbir və tamaşa təşkil edilib.

InterPress.ge xəbər verir ki, tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi Cavid Məhərrəmov, TİKAnın Gürcüstan üzrə rəhbəri Salih Özer, Dmanisi merinin müavini Arif Süleymanov, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusibov, professor Şürəddin Məmmədli, ictimaiyyət nümayəndələri, ziyalılar və məktəblilər iştirak ediblər.

Tədbiri giriş sözü ilə “Azərbaycan Evi”nin və GAİM-in direktoru Məhəbbət İmanov açaraq şairin həyat və yaradıcılığı haqqında məlumat verib. O bildirib ki, Zəlimxan Yaqubun zəngin ədəbi irsinin qorunması və təbliği istiqamətində mütəmadi tədbirlər həyata keçirilir.

Daha sonra çıxış edən Cavid Məhərrəmov vurğulayıb ki, Azərbaycan dövləti xalq şairinin xatirəsini daim uca tutur və onun irsinin gələcək nəsillərə çatdırılması istiqamətində mühüm işlər görür.

Tədbirdə çıxış edən digər natiqlər – Arif Süleymanov, Hüseyn Yusibov, Şürəddin Məmmədli, şairin yaxın dostu Ramiz Bəkirov, Dmanisi Təhsil və Tədris Mərkəzinin rəhbəri Kamran Xıdırov və başqaları Zəlimxan Yaqubun yaradıcılığı, Türk dünyasındakı yeri və ədəbiyyata verdiyi töhfələrdən danışıblar.

Tədbirin bədii hissəsində Esmira Ələkbərlinin müəllifi olduğu səhnə əsəri məktəblilər tərəfindən təqdim edilib.

Sonda şairin ailəsi adından çıxış edən qardaşı Çingiz Yaqubov tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib.

Tədbirin sonunda qonaqlara çay süfrəsi təqdim olunub.

Bizimlə əlaqə saxlayın