29 
Dek
2025
10:14
405

Gürcüstanda 150 mindən çox VAZ avtomobili qeydiyyatdadır – ən çox yayılan markalar sırasında 4-cü yerdədir

Gürcüstanda qeydiyyatda olan avtomobillər arasında ən çox paya Mercedes-Benz markası sahibdir.

InterPress.ge xəbər verir ki, bu Statistika Milli Xidmətinin 2025-ci ilin üçüncü rübünə dair açıqladığı rəsmi məlumatlarda əksini tapıb.

Məlumata əsasən, ölkədə qeydiyyatdan keçmiş avtomobillərin sayına görə ikinci və üçüncü yerləri Toyota və Ford markaları bölüşür. Sovet dövründə istehsal olunan VAZ markalı avtomobillər isə 152 min 778 ədəd göstərici ilə Gürcüstanda ən çox yayılan avtomobil markaları arasında dördüncü pillədə qərarlaşıb. Beşinci yerdə isə Opel yer alır.

Rəsmi statistikaya görə, Gürcüstanda hazırda 227 min 635 Mercedes-Benz, 213 min 978 Toyota, 187 min 576 Ford, 152 min 778 VAZ və 146 min 676 Opel markalı avtomobil qeydiyyatdadır. Xüsusilə qeyd olunur ki, VAZ markası içərisində ən çox yayılan model “Jiquli” adı ilə tanınan VAZ 21063-dür və bu modeldən ölkə üzrə 22 min 910 ədəd mövcuddur.

Məlumat üçün bildirilib ki, hazırda Gürcüstanda qeydiyyatdan keçmiş avtomobillərin ümumi sayı 2 milyon həddi keçib. Xidmət Agentliyinin real vaxt rejimində açıqladığı məlumatlara əsasən, ölkədə ay ərzində orta hesabla 16 min 800 avtomobil qeydiyyatdan keçirilir. Qeyd olunur ki, avtomobillərin bir hissəsi sonradan re-eksport oluna bilər, lakin Gürcüstanda qeydiyyat faktı onların ən azı iki ay ölkə ərazisində qaldığını göstərir.

Bizimlə əlaqə saxlayın