18 
Sen
2026
11:19
73

20 uşaq bağçasında 55 uşaq və 1 tərbiyəçidə zəhərlənmə əlamətləri aşkarlanıb

Tbilisidə yerləşən uşaq bağçalarında uşaqların və tərbiyəçinin intoksikasiyası ilə bağlı məlumat daxil olan kimi araşdırmaya başlanılıb. Hazırda 20 uşaq bağçasında 55 uşaq və 1 tərbiyəçidə intoksikasiya əlamətləri qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb. Faktla bağlı insan həyatı və sağlamlığı üçün təhlükəli məhsulların hazırlanması və satışını, nəticədə insan həyatı və ya sağlamlığı üçün təhlükə yaranmasını nəzərdə tutan Gürcüstan Cinayət Məcəlləsinin 198-ci maddəsinin ikinci hissəsi ilə istintaq aparılır.

İstintaq Xidmətinin məlumatına görə, intoksikasiya əlamətləri olan şəxslər tibbi yardım üçün Tbilisidə yerləşən 6 tibb müəssisəsinə müraciət ediblər.

İstintaq çərçivəsində artıq 50-dən çox uşağın qanuni nümayəndəsi və tibb müəssisələrinin əməkdaşları dindirilib.

İşin hallarının vaxtında müəyyənləşdirilməsi məqsədilə istintaq və prosessual tədbirlər, o cümlədən axtarışlar gecə boyu intensiv şəkildə 4 uşaq bağçasında və bağçaları qida məhsulları ilə təmin edən 3 şirkətdə həyata keçirilib.

İstintaq tədbirləri Gürcüstan Daxili İşlər Nazirliyinin müvafiq bölmələri və Gürcüstan Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Milli Qida Agentliyi ilə sıx əməkdaşlıq çərçivəsində aparılır. Axtarış tədbirlərində Milli Qida Agentliyinin nümayəndələri də iştirak edir.

Hazırda mövcud məlumatlara əsasən, intoksikasiyanın bakterial infeksiya ilə əlaqəli olması ehtimal edilir. İnfeksiyanın mənbəyinin isə, ehtimal ki, uşaq bağçalarında qəbul edilən qida məhsulları olduğu bildirilir. İntoksikasiyaya konkret olaraq hansı məhsulun səbəb olduğu müvafiq ekspertiza nəticəsində müəyyən ediləcək.

İstintaq davam edir. İntoksikasiya hallarının qeydə alındığı bütün uşaq bağçalarından iş üçün əhəmiyyətli əşyalar, sənədlər və qida məhsulları götürüləcək.

İstintaqın gedişi və nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, – deyə məlumatda bildirilib.

Bizimlə əlaqə saxlayın