Marneulidə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərdən Doğan Qürur” tədbiri keçirilib
Gürcüstanda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərdən Doğan Qürur” adlı təntənəli tədbir keçirilib.
InterPress.ge xəbər verir ki, tədbir Azərbaycan Evinin və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) dəstəyi ilə baş tutub.
Tədbirdə SOCAR Energy Georgia şirkətinin nümayəndəsi Cavanşir Muxtarov, TİKA-nın Gürcüstan nümayəndəliyinin direktor müavini Enes Doğan, Türkiyə Maarif Məktəblərinin nümayəndəsi Ali Yetgin, Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Hacı Etibar Eminov, Marneuli Bələdiyyə Məclisinin struktur bölmələrinin rəhbərləri və üzvləri, Gürcüstanın Birinci Kanalının nümayəndəsi Ramilə Əliyeva, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusibov, sabiq deputatlar, ziyalılar, müəllimlər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
İlk çıxış edən Azərbaycan Evinin və GAİM-in direktoru Məhəbbət İmanov Zəfər Gününün Azərbaycan xalqının tarixindəki müstəsna əhəmiyyətindən danışıb. O bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə xalqın milli birliyinin, iradəsinin və vətənpərvərlik ruhunun təntənəsidir. Onun sözlərinə görə, Zəfər yalnız hərbi uğur deyil, həm də xalqın tarixi ədalətə, milli qürura və dövlətçilik ideallarına bağlılığının ifadəsidir. Məhəbbət İmanov tarixi yaddaşın qorunmasının və gənc nəslə aşılanmasının vacibliyini vurğulayıb.
Daha sonra Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Hacı Etibar Eminov çıxış edərək Zəfər Gününün mənəvi və tarixi əhəmiyyətinə toxunub. O, Vətən uğrunda canından keçən şəhidlərin fədakarlığının heç vaxt unudulmamalı olduğunu bildirib. Müfti Vətən sevgisinin, birliyin, həmrəyliyin və milli-mənəvi dəyərlərə bağlılığın hər bir insanın həyatında mühüm yer tutmalı olduğunu qeyd edib. Şəhid ailələrinə ehtiram göstərilməsinin, qazilərə diqqət və qayğı ilə yanaşılmasının cəmiyyətin mənəvi borcu olduğunu vurğulayıb.
Gürcüstanın Birinci Kanalının nümayəndəsi Ramilə Əliyeva çıxışında Zəfər Gününün həm Azərbaycanda, həm də Gürcüstanda yaşayan azərbaycanlılar üçün xüsusi mənəvi əhəmiyyət daşıdığını bildirib. O, tarixi hadisələrin, milli qəhrəmanlıq nümunələrinin və Vətən müharibəsi ilə bağlı həqiqətlərin media vasitəsilə gələcək nəsillərə çatdırılmasının vacibliyindən danışıb. Ramilə Əliyeva milli kimliyin, ana dilinin və tarixi yaddaşın qorunmasında medianın məsuliyyətini diqqətə çatdırıb.
Sabiq deputat Azər Süleymanov 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi həmrəyliyin və ordunun qəhrəmanlığının tarixi əhəmiyyətini vurğulayıb. O, əldə olunan Zəfərin uzun illər davam edən mübarizənin, xalqın iradəsinin və dövlətin qətiyyətli siyasətinin nəticəsi olduğunu bildirib. Həmçinin Gürcüstanda yaşayan azərbaycanlıların bu tarixi Qələbəni böyük qürur hissi ilə qeyd etdiklərini diqqətə çatdırıb.
Sabiq deputat Ramiz Bəkirov da çıxışında Zəfər Gününün milli yaddaşımızda əbədi yaşayacağını bildirib. O, Azərbaycanın ərazi bütövlüyünün bərpasının xalqımız üçün tarixi hadisə olduğunu qeyd edərək, Qələbənin gələcək nəsillərə vətənpərvərlik nümunəsi kimi ötürülməsinin vacibliyini vurğulayıb.
Professor Şürəddin Məmmədli Zəfər Gününün tarixi, ictimai və mənəvi aspektlərinə toxunub. O, xalqın keçmişinin, mübarizə tarixinin və qəhrəmanlıq salnaməsinin öyrənilməsinin milli kimliyin qorunmasında mühüm rol oynadığını bildirib. Professor gənclərin tarixi hadisələr barədə ətraflı məlumatlandırılmasının, milli-mədəni irsə və Vətənə bağlılıq ruhunda yetişdirilməsinin əhəmiyyətini qeyd edib.
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusibov çıxışında Gürcüstanda yaşayan azərbaycanlıların Azərbaycanın tarixi uğurlarına və Zəfər Gününə böyük sevinc və qürurla yanaşdıqlarını bildirib. O, soydaşlarımızın milli birlik və həmrəylik nümayiş etdirməsinin, Azərbaycanla mənəvi bağların qorunmasının vacibliyini vurğulayıb. Hüseyn Yusibov bu cür tədbirlərin diaspor üzvlərinin bir araya gəlməsi və milli dəyərlərin yaşadılması baxımından əhəmiyyətini qeyd edib.
Qullar ictimai məktəbinin direktoru Hümbət Hüseynov və müəllim Esmira Ələkbərli də çıxışlarında Zəfər Gününün təhsil və tərbiyə baxımından əhəmiyyətindən danışıblar. Onlar məktəblərin əsas vəzifələrindən birinin şagirdlərə milli tariximizi, qəhrəmanlıq nümunələrimizi və Vətən sevgisini aşılamaq olduğunu bildiriblər. Gənc nəslin vətənpərvər, milli dəyərlərə bağlı və məsuliyyətli vətəndaşlar kimi yetişdirilməsinin vacibliyi vurğulanıb.
Tədbir çərçivəsində GAİM-in rəsm kursunun şagirdlərinin 44 günlük Vətən müharibəsinə və tarixi Zəfərə həsr olunmuş əl işlərindən ibarət sərgi də nümayiş etdirilib.
Proqram GAİM-in nəzdində fəaliyyət göstərən “SARVAN” folklor ansamblının Gürcüstan və Azərbaycan milli rəqsləri və musiqiləri, eləcə də aşıq Nargilə Mehdiyeva və şagirdlərinin saz ifaları ilə davam edib.
Tədbirin sonunda iştirakçılara Azərbaycan milli mətbəxinin müxtəlif nümunələri təqdim olunub.






