İrakli Kobaxidze: “Çin biznesinin ölkəmizdə uğurla fəaliyyət göstərməsi üçün gələcəkdə də bütün şəraiti yaradacağıq”
“Çin biznesinin ölkəmizdə maksimum dərəcədə uğurla fəaliyyət göstərməsi üçün gələcəkdə də bütün şəraiti yaradacağıq. İki ölkə arasında ticarət-iqtisadi tərəfdaşlığı daha da dərinləşdirmək üçün əlimizdən gələni edəcəyik. Sıx siyasi tərəfdaşlığımızın olmasından məmnunuq”.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Çin Xalq Respublikasının vitse-prezidenti ilə birlikdə Gürcüstan və Çin biznes dairələrinin nümayəndələri ilə görüşündə bildirib.
Gürcüstan Hökumət Administrasiyasının məlumatına görə, Gürcüstan Ticarət-Sənaye Palatasının təşkilatçılığı ilə keçirilən rəsmi qəbulda iki ölkə arasında mövcud olan hərtərəfli strateji tərəfdaşlığa, eləcə də ticarət-iqtisadi əlaqələrin inkişafındakı müsbət dinamikaya diqqət yetirilib.
Gürcüstanın Baş naziri Çin vitse-prezidentinin səfərinin ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bir daha vurğulayıb.
İrakli Kobaxidze çıxışında bildirib:
“Gürcüstan və Çin arasında münasibətlərin inkişafına xüsusi əhəmiyyət veririk. Xüsusilə son bir neçə ildə Çin Xalq Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlığın sürətlə artmasından məmnunuq və bu, konkret göstəricilərdə də öz əksini tapır. Ticarət dövriyyəsi sürətlə artır, Çindən Gürcüstana investisiyalar da çoxalır.
Gələcəkdə də Çin biznesinin ölkəmizdə maksimum dərəcədə uğurla fəaliyyət göstərməsi üçün bütün şəraiti yaradacağıq. İki ölkə arasında ticarət-iqtisadi tərəfdaşlığı daha da dərinləşdirmək üçün əlimizdən gələni edəcəyik. Sıx siyasi tərəfdaşlığımızın olmasından məmnunuq. Bir neçə il əvvəl strateji tərəfdaşlıq haqqında saziş imzaladıq, qısa müddət əvvəl isə hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişə imza atdıq.
Haqqında danışdığımız bütün nəticələr bu siyasi əməkdaşlığın konkret təzahürüdür. Lakin indiyədək əldə olunanlarla kifayətlənmək istəmirik. Ölkələrimiz arasında strateji tərəfdaşlığı, dostluğu daha da inkişaf etdirmək niyyətindəyik. Təbii ki, cənab vitse-prezidentin Gürcüstana səfəri münasibətlərimizin daha da inkişafına töhfə verəcək”.
Çin Xalq Respublikasının vitse-prezidenti Han Çjen də Çin və Gürcüstan arasında səmərəli əməkdaşlığa diqqət çəkərək, ticarət əlaqələrinin artımından danışıb.
Han Çjen çıxışında bildirib:
“Çin və Gürcüstan qədim tarixə və sivilizasiyaya malik dövlətlərdir. Diplomatik münasibətlər qurulduqdan sonra ölkələrimiz arasında əlaqələr dinamik şəkildə inkişaf edir, müxtəlif sahələrdə praktiki əməkdaşlıq isə mühüm nəticələr verib.
Bu ilin iyun ayında Çin Prezidenti Si Cinpin və Gürcüstan Prezidenti Mixeil Kavelaşvili iki ölkə arasında münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini birgə elan ediblər. Bu qərar Çin-Gürcüstan münasibətlərinin inkişafı üçün yeni perspektivlər açıb.
Gürcüstan Prezidenti və Baş naziri ilə görüşlərim oldu. Bu görüşlər son dərəcə səmimi, dostluq şəraitində və nəticəyönümlü keçdi. Gürcüstan rəhbərliyinin və cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələrinin Çin-Gürcüstan münasibətlərinin inkişafına göstərdiyi həvəs bizdə böyük təəssürat yaratdı və münasibətlərimizin daha da inkişafı üçün mühüm stimul oldu.
Hazırda qlobal siyasi və iqtisadi nizam dərin və mürəkkəb dəyişikliklər yaşayır. Ölkələrin inkişafı və beynəlxalq azad ticarət qarşısında duran çağırışlar getdikcə artır. Belə bir şəraitdə əməkdaşlığın gücləndirilməsi daha da mühüm əhəmiyyət kəsb edir və eyni zamanda daha uzaqgörən yanaşma tələb edir.
Son illərdə Çin və Gürcüstan arasında ticarət əlaqələrinin həcmi sabit şəkildə artır, investisiya əməkdaşlığının sahələri isə daim genişlənir. Yüksək keyfiyyətli Gürcüstan kənd təsərrüfatı məhsulları Çin bazarına getdikcə daha fəal şəkildə daxil olur. Çin istehsalı olan məhsullar, xüsusilə bərpa olunan enerji mənbələri ilə işləyən avtomobillər isə Gürcüstan əhalisi arasında böyük populyarlıq qazanıb.
Çin və Gürcüstan arasında Azad Ticarət Sazişi ikitərəfli ticarət-iqtisadi münasibətlərin inkişafında mühüm rol oynayıb. Bu ilin aprel ayında ölkələrimiz Azad Ticarət Sazişinin yenilənməsi haqqında protokolu rəsmi olaraq imzalayıblar. Bununla da ikitərəfli ticarət-iqtisadi əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Biz daha çox yüksək keyfiyyətli Gürcüstan məhsulları almağa, ticarətin optimallaşdırılmasına və inkişafına dəstək verməyə hazırıq. Güclü və rəqabətqabiliyyətli Çin şirkətlərini dəstəkləyəcəyik ki, onlar Gürcüstanda investisiyalarını ardıcıl şəkildə həyata keçirsinlər və yerli bazardakı fəaliyyətlərini genişləndirsinlər.
İki ölkənin şirkətləri arasında əməkdaşlıq üçün əlverişli mühit yaratmalıyıq. Ümid edirəm ki, Çin və Gürcüstan biznes dairələrinin nümayəndələri gələcəkdə də əlaqələndirici körpü rolunu fəal şəkildə yerinə yetirəcək və dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcəklər”.
Gürcüstan Hökumət Administrasiyasının məlumatına görə, tədbirdə Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili də Gürcüstan-Çin ticarət-iqtisadi əməkdaşlığının inkişaf dinamikası barədə danışıb.
Gürcüstan Ticarət-Sənaye Palatasının prezidenti Giorgi Pertayanın açılış nitqi ilə başladığı tədbirdə Çin Beynəlxalq Ticarətin Təşviqi Şurasının sədri Çjen Xunqpin də çıxış edib.
Rəsmi qəbulda Gürcüstan və Çinin biznes dairələrinin nümayəndələri iştirak ediblər.


