16 
Dek
2025
13:47
207

Strasburq Məhkəməsinin Ukraynaya qarşı sanksiyalarla bağlı qərarı: mülkiyyət hüququ pozulub

Avropa İnsan Hüquqları Məhkəməsi 2025-ci il 16 oktyabr tarixli M.S.L., TOV Ukraynaya qarşı işi üzrə qərarında Ukrayna hakimiyyətinin bir şirkətə sanksiya tətbiq etməsi və bu sanksiya çərçivəsində şirkətin əmlakına həbs qoyulmasının Avropa İnsan Hüquqları Konvensiyasına uyğunluğunu araşdırıb.

Strasburq Məhkəməsi əvvəlcə ümumilikdə sanksiya institutuna və sanksiyalar əsasında insan hüquqlarının məhdudlaşdırılması standartlarına dair mövqeyini ifadə etdikdən sonra, iddiaçı şirkətin konkret şikayətlərini nəzərdən keçirib. Məhkəmə qeyd edib ki, cavabdeh dövlətin Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarı və həmin qərara əsaslanan prezident fərmanı, hansı ki, bu sənədlər əsasında iddiaçı şirkətin əmlakına həbs qoyulub, heç bir əsaslandırma ehtiva etməyib.

Qərarda və fərmanda yalnız “Sanksiyalar haqqında” qanunda nəzərdə tutulan və mövcudluğu halında fiziki və ya hüquqi şəxsə sanksiya tətbiq edilə bilən bütün əsaslar mexaniki şəkildə sadalanıb. Həmin əsasların iddiaçı şirkətə niyə və necə aid edildiyi isə izah olunmayıb. Məhkəmə vurğulayıb ki, müəyyən istisna hallarda qərar və fərmanda sanksiyanın tətbiqi üçün bütün faktiki və hüquqi əsasların göstərilməməsi mümkün olsa da, iddiaçı şirkət üçün sanksiyanın tətbiqinin mahiyyətini anlamaq, öz müdafiəsini qurmaq baxımından mühüm əhəmiyyət kəsb edib (98-ci bənd).

Bundan sonra Avropa İnsan Hüquqları Məhkəməsi araşdırıb ki, qərar və fərmanın kifayət qədər əsaslandırılmaması fonunda, iddiaçı şirkətin milli səviyyədə məhkəmələrdə sanksiyaya qarşı effektiv şəkildə mübahisə aparması üçün yetərli prosessual təminatlar mövcud olub-olmaması. Məhkəmə qeyd edib ki, bu işdə milli məhkəmələr iddiaçı şirkətə qarşı sanksiya tətbiqinə dair qərar və fərmanı effektiv şəkildə araşdırmayıblar.

Milli məhkəmələr yalnız Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarının və prezident fərmanının qanunla müəyyən edilmiş formal tələblərə uyğunluğunu qiymətləndiriblər. Prezident fərmanının əsaslandığı, cavabdeh dövlətin təhlükəsizlik orqanları tərəfindən iddiaçı şirkət barəsində toplanmış məlumatların məzmunu isə ümumiyyətlə müzakirə olunmayıb.

Cavabdeh dövlətin Ali Məhkəməsi açıq şəkildə bildirib ki, onun təhlükəsizlik orqanları tərəfindən əldə edilmiş faktiki məlumatları qiymətləndirmək səlahiyyəti yoxdur. Nəticə etibarilə, Ali Məhkəmə iddiaçı şirkətin fəaliyyətinin cavabdeh dövlətin milli təhlükəsizliyinə real təhlükə yaradıb-yaratmaması məsələsini müzakirə etməkdən imtina edib. Bununla da əsas sual – iddiaçı şirkətin Rusiya hakimiyyəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi fəaliyyətin doğrudan da milli təhlükəsizliyə təhlükə yaradıb-yaratmaması – milli məhkəmələrdə cavabsız qalıb (99-cu və 102–104-cü bəndlər).

Avropa İnsan Hüquqları Məhkəməsinin qiymətləndirməsinə görə, bu halda iddiaçı şirkətin şikayətinin milli məhkəmələr tərəfindən araşdırılmasının forması və həcmi özbaşınalığı istisna etmək üçün kifayət edən prosessual təminat hesab edilə bilməz. Çünki milli məhkəmələr sanksiya tətbiqinə dair qərarların yetərincə möhkəm faktiki əsaslara söykənib-söykənmədiyini və iddiaçı şirkət əleyhinə təqdim olunan faktiki məlumatların nə dərəcədə əsaslandırıldığını yoxlamayıblar (108-ci bənd).

Bütün bunları nəzərə alaraq, Avropa İnsan Hüquqları Məhkəməsi belə qənaətə gəlib ki, cavabdeh dövlət iddiaçı şirkətə sanksiya tətbiq etməklə Avropa İnsan Hüquqları Konvensiyasının Birinci Əlavə Protokolunun 1-ci maddəsi ilə qorunan mülkiyyət hüququnu pozub. Eyni zamanda Məhkəmə müəyyən edib ki, cavabdeh dövlət Konvensiyanın 13-cü maddəsini də pozub, çünki iddiaçı şirkətin milli səviyyədə hüquqlarını effektiv şəkildə müdafiə etmək imkanı olmayıb (111-ci və 121-ci bəndlər).

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər