Gürcüstanda avtomobillərin yarıdan çoxu 20 ildən köhnədir
Gürcüstanda istismarda olan avtomobillərin 52 faizi 20 ildən artıq yaşı olan nəqliyyat vasitələridir.
InterPress.ge xəbər veri ki, bu barədə “TBC Capital”ın ölkənin avtomobil parkına dair hazırladığı yeni tədqiqatda qeyd olunur.
Araşdırmanın nəticələrinə görə, avtomobil parkının 29 faizi 11–20 il arası istehsal olunmuş avtomobillərdən ibarətdir. Bundan əlavə, 7–10 il arası maşınlar ümumi parkın 11 faizini, 4–6 il arası avtomobillər 4 faizini təşkil edir. Ümumilikdə 3 ilə qədər yaşı olan avtomobillərin bazardakı payı cəmi 3 faizdir.
Tədqiqatda bildirilir ki, ilkin qeydiyyatlarda orta yaşın aşağı düşməsi və pandemiyaöncü səviyyədən də aşağı olması avtomobil parkının tədricən yenilənməsinə işarə edir.
2025-ci ilin ilk üç rübünün məlumatlarına əsasən, yüngül avtomobillərin ilkin qeydiyyatında 6–10 yaş arası nəqliyyat vasitələri 55 faizlə üstünlük təşkil edir. Yaşı 0–5 il olan avtomobillərin payı 28 faiz, 11 ildən yuxarı nəqliyyat vasitələrinin payı isə 16 faizdir.


