Kənan Ömərov Marneuli merliyindən ayrılıb və vətəndaşlara müraciət edib
Vəzifə müddətini başa vurmuş Marneuli meri Kənan Ömərov şəhər sakinlərinə müraciət edərək fəaliyyətinə yekun vurub.
InterPress.ge xəbər verir ki, o, bu barədə sosial şəbəkədə paylaşım edib.
O, 2021-ci ildən etibarən Marneuli bələdiyyəsinə rəhbərlik etməyin onun üçün böyük şərəf olduğunu bildirib.
Ömərov müraciətində qeyd edib ki, merlik dövrü həm məsuliyyət, həm də Marneuliyə və sakinlərinə olan sevgi ilə yadda qalıb. Onun sözlərinə görə, bir çox problemlərin həlli üçün mühüm işlər görülüb, lakin gələcəkdə əlavə diqqət tələb edən məsələlər də mövcuddur. “Əmin olun ki, mən hər zaman sizin yanınızda olacağam – sadə bir marneulili və bu ölkənin sədaqətli övladı kimi”, – deyə o vurğulayıb.
Keçmiş mer sakinlərə göstərdikləri etimada və dəstəyə görə xüsusi təşəkkür edib: “Bu illər ərzində hiss etdiyim sevgi və dəstək üçün hər birinizə minnətdaram.” O, həmçinin “Gürcü Arzusu” partiyasına və Bidzina İvanişviliyə bələdiyyənin inkişafına töhfə vermək imkanına görə təşəkkürünü çatdırıb.
Ömərov bələdiyyənin əməkdaşlarını da unutmadan, onların Marneulinin rifahı üçün fədakarcasına çalışdığını qeyd edib.
“Mən Marneulidə doğulmuşam, burada böyümüşəm və bu şəhəri ürəkdən sevməyi öyrənmişəm. Marneuli mənim evimdir!” – deyə o bildirib.
Sonda Kənan Ömərov Marneulinin yeni meri Davit (Daur) İsmayılova uğurlar arzulayaraq, onun şəhərin inkişaf yolunu davam etdirəcəyinə əmin olduğunu ifadə edib.


