“Qaxaria Gürcüstan üçün” Partiyasının parlamentə daxil olması müxalifətin tənqidinə səbəb olub
“Vahid Milli Hərəkat” partiyasının baş katibinin müavini İrakli Pavlenişvili “Qaxaria Gürcüstan üçün” Partiyasının 11-ci çağırış parlamentində iştirak qərarına münasibət bildirib və partiya lideri Giorgi Qaxarianı tənqid edib.
Pavlenişvilinin sözlərinə görə, Qaxarianın siyasəti nə hakimiyyət, nə də müxalifət tərəfindən qəbul olunur:
“O, əvvəl çalışdığı komandanı – İvanişvilinin komandasını tərk etdi, sonra müxalifətə xəyanət etdi, daha sonra son tərəfdaşlarını da yarı yolda qoydu. İndi isə ‘Gürcü Arzusuna’ qayıtmağa çalışır, amma görünür ki, hakimiyyət də onu geri qəbul etməyə hazır deyil. Onun siyasi fəaliyyəti nəticədə heç kim tərəfindən qəbul olunmur – nə müxalifət onu müxalifət sayır, nə də hakimiyyət öz adamı”, – deyə Pavlenişvili bildirib.
O, həmçinin hakim komandanın siyasi partiyaların qadağan edilməsini nəzərdə tutan təşəbbüsünü də kəskin şəkildə tənqid edib:
“Bu, ölkənin gördüyü ən avtoritar və drakonik qanunlardan biridir. Bu yanaşma təkcə siyasi fəaliyyətin deyil, ümumilikdə tənqidi düşüncənin məhv edilməsinə yönəlib. Onların öz hesablamalarına görə, yüz minlərlə vətəndaşın seçki hüququ əlindən alınacaq. Hansı partiyaya səs verirdilərsə, o partiya sadəcə mövcud olmayacaq. Bu, diktaturanın ən aydın nümunəsidir”, – deyə o qeyd edib.
Xatırladaq ki, “Qaxaria Gürcüstan üçün” Partiyası 26 oktyabr 2024-cü il parlament seçkiləri ilə bağlı elan etdiyi boykotu ləğv edərək 12 deputatla parlamentdə fəaliyyətə başlamaq qərarı verib.


