Ermənistan sərhəd möhürlərində Ağrı dağı təsviri çıxarılacaq
Ermənistan hökumətinin qərarına əsasən, 1 noyabrdan etibarən dövlət sərhədini keçid zamanı vurulan möhürlərdə Ağrı dağı təsviri artıq yer almayacaq.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı newsarmenia yayıb.
Qərar 11 sentyabrda qəbul edilib və 2011-ci ilin 12 may tarixli “Ermənistan Respublikasının dövlət sərhəd rejiminin müəyyən edilməsi haqqında” qərara dəyişikliklər nəzərdə tutur. Yeni qaydalara görə, möhür üzərində yalnız “Հայաստան” (“ERMƏNİSTAN”) və “ARMENIA” sözləri, sərhəd keçid məntəqəsinin adı, tarix (gün, ay, il) və hava, dəmir yolu və ya avtomobil keçid məntəqələrini ayırd edən işarələr olacaq.
Qeyd edək ki, Ağrı dağı Türkiyə ərazisində yerləşsə də, Ermənistanın tarixi simvolu hesab olunur.
Xatırladaq ki, ötən həftə Ermənistan və Türkiyə nümayəndələri münasibətlərin normallaşdırılması istiqamətində görüş keçiriblər. İki ölkə arasında diplomatik əlaqələr 30 ildən çoxdur ki, kəsilib və quru sərhədlər bağlıdır. Normallaşma üzrə danışıqlar 2020-ci ildə, 44 günlük – İkinci Qarabağ müharibəsindən sonra başlamışdı.
Bundan əlavə, sentyabrın əvvəlində Ermənistanın Baş naziri Nikol Paşinyanın təyyarəsi 30 ildən sonra ilk dəfə Azərbaycan hava məkanından istifadə edib.


