23 
Iyl
2025
20:07
618

Gürcüstana buğda idxalının rekord səviyyəyə çatmasının səbəbi açıqlandı

Gürcüstanda buğda məhsulunun yığımı bir ay gecikdiyindən, yerli buğda idxalı əvəzləyə bilmədi.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Buğda və Un İstehsalçıları Assosiasiyasının icraçı direktoru Levan Silagava bildirib.

Qeyd edək ki, 2025-ci ilin ilk yarısında Gürcüstana 47.88 milyon dollar dəyərində, ümumilikdə 184 118 ton buğda və meslin (qarışıq buğda) idxal edilib. Bu, son yeddi ilin ən yüksək göstəricisidir. Sonuncu dəfə 2018-ci ildə buğda idxalı 53.25 milyon dollar dəyərində (271 798 ton) olub.

Yalnız illik müqayisədə buğda idxalı 74% artıb. 2024-cü ilin ilk yarısında Gürcüstana 27.57 milyon dollar (114 291 ton) dəyərində buğda gətirilmişdi.

Silagavanın sözlərinə görə, bu il davam edən yağışlar buğda yığımının təxminən bir ay gecikməsinə səbəb olub:

“Keçən il bu vaxt məhsul artıq yığılmışdı, bu il isə proses hələ də davam edir. Yerli un kombinatları, quşçuluq və heyvandarlıq sahələri keçən il artıq yerli buğda alırdı. Bu il isə məhsul gecikdiyindən yerli buğda idxalın yerini tuta bilmədi və bu da idxalın artmasına səbəb oldu.”

O əlavə edib ki, buğda idxalının artmasının digər səbəbi quşçuluq və heyvandarlıq sahələrində tələbatın artması ola bilər. Silagava bildirir ki, bu sahələrdə buğdaya üstünlük verilir, çünki buğdanın qiyməti qarğıdalıya nisbətən daha ucuzdur.

“İkinci faktor yemlik buğda ilə bağlı ola bilər. Hazırda buğda qarğıdalıdan ucuzdur və bu da qeyri-ərzaq təyinatlı buğdaya, xüsusilə də quşçuluq və heyvandarlıq sektorunda tələbatın artmasına səbəb olub. Gömrükdə isə bütün buğda növləri eyni kodla rəsmiləşdirilir, istər ərzaqlıq, istərsə də yemlik olsun.”

Silagava ümid edir ki, yerli məhsulun tam yığılmasından sonra idxal balanslaşacaq və göstəricilər normallaşacaq.

Bizimlə əlaqə saxlayın