
31 Mart - Azərbaycanlıların Soyqırımı Gününün 107-ci ili anılır
Bu gün – 31 mart 2025-ci il tarixində Azərbaycanlıların Soyqırımı Günündən 107 il ötür.
InterPress.ge xəbər verir ki, 1918-ci ilin mart-aprel aylarında bolşevik-daşnak silahlı birləşmələri tərəfindən Bakı şəhəri və Azərbaycanın müxtəlif bölgələrində həyata keçirilmiş kütləvi qırğınlar nəticəsində minlərlə günahsız azərbaycanlı qətlə yetirilib.
Tarixi faktlara əsasən, yalnız Bakıda 12 mindən çox azərbaycanlı öldürülmüş, şəhər tamamilə talan edilmiş, minlərlə ev, məscid və ictimai bina yandırılmışdır. Şamaxı, Quba, Lənkəran, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə də oxşar vəhşiliklər törədilmiş, dinc əhalinin kütləvi şəkildə məhv edilməsi ilə nəticələnmişdir.
Quba şəhərində 2007-ci ildə aşkarlanmış kütləvi məzarlıq, bu soyqırımın miqyasını və qəddarlığını sübut edən əsas tarixi sübutlardan biridir. Oradan çıxarılan yüzlərlə insan qalıqları qadın, uşaq və yaşlılara qarşı da xüsusi qəddarlıqla davranıldığını göstərmişdir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi rəsmiləşdirilmiş və hər il dövlət səviyyəsində anılır. Bu gün, yalnız bir matəm günü deyil, həm də azərbaycanlıların milli yaddaşının və tarixi həqiqətlərin qorunub saxlanıldığı bir gündür.
Azərbaycan dövləti bu qanlı hadisələrin beynəlxalq səviyyədə tanıdılması və soyqırımı faktının dünya ictimaiyyətinə çatdırılması istiqamətində davamlı şəkildə fəaliyyət göstərir.
Bu gün müxtəlif bölgələrdə anım mərasimləri keçirilir, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilir və onların ruhuna dualar oxunur.