29 
Iyn
2026
12:06
79

Azərbaycan İsrailin qondarma "erməni soyqırımı"nı tanıması ilə bağlı qərarından ciddi narahatlığını ifadə edib

Azərbaycan Xarici İşlər Nazirliyi İsrail hökumətinin qondarma "erməni soyqırımı"nı tanıması ilə bağlı qəbul etdiyi qərardan ciddi narahatlığını ifadə edib.

InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, 1915-ci il hadisələri ilə bağlı tarixi faktların təhrif edilməsi və mürəkkəb tarixi proseslərin hüquqi və elmi əsaslardan məhrum siyasi qərarların predmetinə çevrilməsi qəbuledilməzdir.

"Belə addımlar barışığa və qarşılıqlı anlaşmaya xidmət etmir. Əksinə, onlar mövcud ziddiyyətləri daha da dərinləşdirir və regionda davamlı sülhün, barışığın bərqərar olunmasına yönəlmiş səylərə mane olur. İsrail hökumətini bu qərara yenidən baxmağa çağırırıq. Azərbaycan bundan sonra da tarixi həqiqətin qorunmasını ardıcıl şəkildə müdafiə edəcək, beynəlxalq hüququn prinsiplərinə hörmət göstərəcək və regionda davamlı sülhün təmin olunmasına töhfə verməyə davam edəcək", – deyə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

Xatırladaq ki, İsrailin xarici işlər naziri Gideon Saar İsrail hökumətinin qondarma "erməni soyqırımı"nın rəsmi tanınmasını yekdilliklə dəstəklədiyini açıqlayıb. Qanun layihəsinin İsrail parlamenti – Knessetin plenar iclasının gündəliyinə çıxarılacağı və səsverməyə qoyulacağı bildirilib.

Bizimlə əlaqə saxlayın