05 
Fev
2025
00:31
330

Qazaxıstan "Azərbaycan Hava Yolları" təyyarəsinin qəzaya uğraması ilə bağlı ilkin hesabat yayımladı

Qazaxıstan 25 dekabrda baş verən "Azərbaycan Hava Yolları" təyyarə qəzası ilə bağlı ilkin hesabatını dərc edib.

InterPress.ge  yerli mətbuata istinadən xəbər verir ki, təyyarənin quyruq hissəsində, şaquli stabilizatorda, hündürlük və istiqamət sükanlarında müxtəlif ölçülü və formada zədələr aşkarlanıb.

İlkin hesabatda bildirilir ki, sol mühərrikdə, sol qanadda, habelə təyyarənin hidravlik və elektrik sistemlərində də zədələr olub. Rusiyanın yaydığı məlumata görə, Qazaxıstanın hesabatında bu zədələrin yerə düşməzdən əvvəl baş verdiyi və ehtimal ki, xarici obyektlərin təsirindən yarandığı qeyd olunur.

Xatırladaq ki, 25 dekabrda Aktau yaxınlığında Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb. Göyərtədə 62 sərnişin və 5 ekipaj üzvü olub. Hadisə Qazaxıstanın rəhbərliyi altında beynəlxalq ekspertlər, Azərbaycan və Rusiya nümayəndələrinin iştirakı ilə araşdırılır.

Qəzanın mümkün səbəblərindən biri kimi rusiyalı hava hücumundan müdafiə sisteminin təsiri göstərilir. 28 dekabrda Rusiya Prezidenti Vladimir Putin hadisənin Rusiya hava məkanında baş verdiyinə görə üzr istəyib. Azərbaycan tərəfi isə təyyarənin naviqasiya sisteminin Qroznı yaxınlığında radioelektron müharibə vasitələri tərəfindən bloklandığını ehtimal edir.

Bizimlə əlaqə saxlayın