Paşinyan: Təşkilat İrəvanın verdiyi suallara cavab verməsə, Ermənistan KTMT-dən çıxacaq
"Ermənistan ölkənin suveren ərazisi ilə bağlı suallarına cavab almasa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk edəcək".
InterPress.ge xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib.
Onun sözlərinə görə, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından Azərbaycanla sərhəddə sülhməramlı qüvvələr yerləşdirməyə hazır olduğuna dair təminat alıb, lakin təşkilat respublikada öz məsuliyyət sahəsini göstərməyib.
“Bizim bir sualımız var: sülhməramlılar neytral tərəfdir, KTMT isə bizim təşkilatımızdır. Burada uyğunsuzluqlar yaranır, əgər Ermənistanın suveren ərazisi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üçün “qırmızı xətt”dirsə, onda göstərin ki, Ermənistanın suveren ərazisi sizin anlayışınızda nədir? Onlar Ermənistanın suveren ərazisini göstərməyiblər. Bu gün bu məsələ “masanın üstündədir”. Əgər KTMT bu suala cavab verərsə və cavab bizim ideyalarımıza uyğun gələrsə, deməli, Ermənistanla KTMT arasında məsələlər həll olunub. Əks halda, Ermənistan KTMT-dən çıxacaq, ancaq dəqiq vaxtını deyə bilmərəm”, - Paşinyan bildirib.