“Kazbeqi” gömrük-keçid məntəqəsi müvəqqəti olaraq fəaliyyətini dayandırır
Fövqəladə vəziyyətlə əlaqədar “Kazbeqi” gömrük-keçid məntəqəsi müvəqqəti bağlanıb.
InterPress.ge xəbər verir ki, Gəlirlər Xidməti bununla bağlı məlumat yayıb.
"Maliyyə Nazirliyinin Gəlirlər Xidməti nəzərinizə çatdırır ki, çətin meteoroloji şərait və Dariali dərəsində yaranmış fövqəladə vəziyyətlə əlaqədar Kazbeqi gömrük-keçid məntəqəsində bütün növ gömrük nəzarəti prosedurları dayandırılıb. Güclü yağışlar nəticəsində daşqın çayları (Terqi və Devdoraki) Gürcüstan və Rusiyanı birləşdirən yolu, Rusiya Federasiyası ilə sərhədə yaxın hissəsini (Dariali-Larsi 165-ci kilometri) zədələyib.
Gürcüstanın gömrük sərhədində malların idxalı və ixracı, habelə qeyd olunan gömrük keçid məntəqəsindən keçən fiziki şəxslər üçün gömrük nəzarəti prosedurları həyata keçirilə bilməz.
Təhlükəsizliyin təmin edilməsi məqsədilə aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş iş nəticəsində Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin “Kazbeqi” gömrük-keçid məntəqəsinin əməkdaşları və sərnişinlər mühafizə olunan/təhlükəsiz əraziyə köçürülüb.
Hava şəraiti yaxşılaşdıqdan və bərpa işləri başa çatdıqdan sonra “Kazbeqi” gömrük-keçid məntəqəsi əvvəlki kimi tam gücü ilə fəaliyyətini davam etdirəcək. Beləliklə, sərnişinlərin və yüklərin daşınması problemsiz həyata keçiriləcək.
Maliyyə Nazirliyinin Gəlirlər Xidməti cari hadisələrlə bağlı ictimaiyyəti və KİV-ləri mütəmadi olaraq aktual məlumatlarla təmin edəcək”, - deyə məlumatda bildirilir.


