Gürcüstan açıq büdcə indeksində dünya lideri oldu
Beynəlxalq Büdcə Tərəfdaşlığı tərəfindən dərc edilən 2021 Büdcə Şəffaflığı Sorğusunun nəticələrinə əsasən, Gürcüstan dünyanın 120 ölkəsi arasında birinci yeri tutub.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyi məlumat yayıb.
Büdcə Şəffaflığı Sorğusunun son iki qiymətləndirməsinə görə - 2017 və 2019-cu illərdə Gürcüstan tam şəffaf ölkələr qrupunda 117 ölkə arasında beşinci yeri tutub.
“2021-ci ilin bu göstəricisi ilə Gürcüstanda həyata keçirilən dövlət maliyyə idarəçiliyi islahatı bir daha beynəlxalq miqyasda tanınıb və son on ildə həyata keçirilən tədbirlərin nəticələrini təsdiqləyib.
Maliyyə Nazirliyi qeyd edir ki, tədqiqat dünyanın bütün ölkələrinin büdcə şəffaflığının qiymətləndirilməsi üçün eyni metodologiyanı nəzərdə tutur. Orta bal hər bir ölkə, eləcə də dünya üzrə hesablanır ki, bu da ölkələrə öz irəliləyişlərini həm digər ölkələrə, həm də qlobal orta göstəriciyə münasibətdə qiymətləndirməyə, həmçinin əvvəlki tədqiqatlarla müqayisədə inkişaf dinamikasını görməyə imkan verir. Sorğu hökumət tərəfindən özünüqiymətləndirmə yolu ilə aparılmır və sorğu vərəqəsi bu məqsədlə müstəqil seçilmiş QHT-lər tərəfindən doldurulur. Nəticələr ölkənin vətəndaş cəmiyyətinin, müstəqil ekspertlərin verdiyi məlumatlardan asılıdır.
Sorğu ilk dəfə 2006-cı ildə dərc edilib və Gürcüstan 34 balla 30-cu yerdə (yenilənmiş metodologiya ilə) və minimum şəffaf ölkələr sırasında olub. Sonrakı araşdırmaların nəticələrində ballar və mövqelər tədricən yaxşılaşdırılıb və Gürcüstan 2008, 2010 və 2012-ci illərdə aparılan sorğularda şəffaflığı məhdud olan ölkələr sırasında yer alıb.
2015-ci ilin sorğusuna əsasən, ölkə 66 balla ilk dəfə olaraq əhəmiyyətli dərəcədə şəffaf ölkələr siyahısında dünyanın 109 ölkəsi arasında 16-cı yeri tutub, 2017 və 2019-cu illərdə isə tam şəffaf ölkələr qrupunda beşinci yeri tutub.
Gürcüstan öz tərəfdaşları ilə birlikdə hesabatların keyfiyyətinin yüksəldilməsi və vətəndaşların cəlb edilməsi mexanizmlərinin işlənib hazırlanması istiqamətində işi davam etdirir və bu məqsədlə bütün maraqlı tərəflərlə əməkdaşlıq edir”, - məlumatda deyilir


