27 
May
2022
16:37
250

İrakli Ğaribaşvili: "Hökumət Ukrayna xalqına yardım üçün artıq 7 milyon dollar xərcləyib"

"Müharibə başlayandan hökumətimiz Ukraynaya mühüm humanitar yardım göstərir və bu baxımdan biz həqiqətən də dünya ölkələri arasında fərqlənirik".

lnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili bildirib.

Baş nazirin sözlərinə görə, hökumət artıq Ukrayna xalqına, o cümlədən Gürcüstana gələn ukraynalılara kömək üçün 7 milyon dollar, o cümlədən Gürcüstan hökumətinin ehtiyat fondundan 1 milyon lari xərcləyib.

“Ölkə müharibədən zərər çəkmiş və hazırda Gürcüstanda yaşayan 28 minə qədər ukraynalıya kömək etməkdə davam edir. Ukraynaya yardım davam edəcək və ilin sonuna qədər, bizim hesablamalarımıza görə, 7 milyon dollardan çox vəsait ayrılacaq. Gürcüstan bu gündən Ukraynaya hava və quru yolla 1000 tona qədər humanitar yük göndərib. Ukrayna Dövlət Postunun məlumatına görə, Gürcüstan Ukraynaya humanitar yardım göstərən 191 ölkə arasında birinci yerdədir; Ukraynalı dostlar və vətəndaşlar üçün bir neçə qaynar xətt yaradılıb. Biz Ukrayna vətəndaşlarını yaşayış evləri ilə , yeməklə, geyimlə, Gürcüstanda ehtiyac duyduqları bütün əşyalarla təmin edirik. Onu da xatırlatmaq istərdik ki, Təhsil və Elm Nazirliyinin qərarı ilə Tbilisi şəhər 41 nömrəli dövlət məktəbində ukraynadilli sektor yaradılıb.  Batumidə də analoji məktəb açılıb və ümumilikdə 900-dən çox şagird artıq qeydiyyatdan keçib”, - deyə baş nazir bildirib.

İrakli Qaribaşvilinin sözlərinə görə Ukrayna vətəndaşları üçün bələdiyyə nəqliyyatından, muzeylərdən, qalereyalardan və digər görməli yerlərdən istifadə etmək pulsuzdur.

"Hökumətlə yanaşı, qeyd etmək istərdim ki, özəl sektor, vətəndaşlarımız Ukrayna xalqına kömək etmək üçün səfərbərdir və mən bu misilsiz həmrəyliyə görə hər kəsə təşəkkür etmək istəyirəm”, - deyə baş nazir qeyd edib.

Bundan əlavə, İrakli Qaribaşvili Gürcüstanın Ukraynadakı səfiri Qiorqi Zakaraşviliyə təşəkkür edib.

“Gürcüstanın Kiyev, Odessa və Lvovdakı diplomatik nümayəndəlikləri fəaliyyətini davam etdirir və vətəndaşlara yardım göstərir. Mən bu tribunadan səfirimizə və səfirliyimizin hər bir nümayəndəsinə təşəkkür etmək istəyirəm”, - deyə baş nazir bildirib.

Bizimlə əlaqə saxlayın