“50, 100 və 150 nəfərlə Rustaveli prospektini bağlamaq üçün küçələrə çıxan insanlara siyasi rəğbət bəsləyə bilmərəm. Bu, adi sabotaj deyilmi?!”
InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
Onun sözlərinə görə, dünyanın heç bir demokratik və ya qeyri-demokratik ölkəsində 50, 100 və ya 150 nəfər mərkəzi prospekti bağlaya bilməz.
“Sıfır rəğbət məsələsinə gəlincə, mən bu bəyanatı nə noyabrın 28-də keçirilən aksiyanın iştirakçıları, nə də bundan əvvəl ‘Şəffaflıq haqqında’ qanuna qarşı keçirilən aksiyaların iştirakçıları barədə vermişəm. Söhbət siyasi rəğbətdən gedirdi və bu, orada açıq şəkildə vurğulanmışdı.
Bu gün də həmin dövrdə küçələrə çıxaraq 50, 100 və 150 nəfərlə Rustaveli prospektini bağlayan insanlara siyasi rəğbət bəsləyə bilmərəm. Bu, adi sabotaj deyilmi? Cəmiyyətdən dəstək almadığını gördüyün halda bir il ərzində mərkəzi prospekti bağlamağa çalışmaq sabotajdır.
Siz mənə dünyada elə bir ölkə, elə bir paytaxt göstərə bilməzsiniz ki, orada insanlar bir ildən artıq müddətdə 50, 100 və 150 nəfərlə paytaxtın mərkəzi prospektini bağlaya bilsinlər. Söhbət məhz bundan gedirdi: cəmiyyətin səni dəstəkləmədiyini bildiyin halda öz ölkənə qarşı sabotaj həyata keçirirsənsə, təbii ki, belə insanlara heç bir siyasi rəğbət bəsləyə bilməzsən”, – deyə Kobaxidze bildirib.
Baş nazir qeyd edib ki, noyabrın 28-də keçirilən etiraz aksiyasında çoxlu sayda səmimi insan iştirak etmiş ola bilər.
“Səmimi insanlara gəlincə, bir daha təkrar edirəm ki, həmin aksiyada çoxlu səmimi insan var idi. Ola bilsin, hətta əksəriyyət səmimi idi. Əminəm ki, noyabrın 28-də aksiyaya çıxanların əksəriyyəti səmimi idi.
Eyni sözləri ‘Şəffaflıq haqqında’ qanuna da aid etmək olar. Orada da aksiyalara qatılan insanların əksəriyyətinin səmimi olduğuna əminəm. Lakin bu, həmin insanların yanılmadığı anlamına gəlmir.
Bir daha qeyd edirəm ki, ildə bir dəfə QHT-lərin Ədliyyə Nazirliyinə bəyannamə təqdim etməsini etiraz mövzusuna çevirəndə çox asanlıqla müəyyən etmək olar ki, burada heç bir rus elementi yoxdur. Həmin vaxt da insanları yanıltdılar, indi də yanıldırlar. Mənim qiymətləndirməm belədir.
Səmimi olmaq insanın yanılmasını istisna etmir. Mənim fikrimcə, bu insanları ümumilikdə avantürist davranışları ilə seçilən şəxslər yanıltdılar. Radikal siyasi elitanın bütün tərkibi də məhz belə insanlardan ibarətdir”, – deyə İrakli Kobaxidze “İmedi” telekanalının “Açıq efir” proqramında bildirib.
