Baş nazir jurnalistləri təbrik etdi
Baş nazir qeyd edib ki, bu gün Gürcüstanın media məkanı plüralist və azaddır, jurnalistikanın güclənməsi və daha da inkişafı üçün hər cür şərait yaradılır.
InterPress.ge xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Ğaribaşvili jurnalistləri Beynəlxalq Mətbuat Azadlığı Günü münasibətilə təbrik edib.
“Bütün media qurumlarını və hər bir jurnalisti Beynəlxalq Mətbuat Azadlığı Günü münasibətilə ürəkdən təbrik edirəm.
Dəyərlərə və peşəkarlığa əsaslanan azad və müstəqil mətbuat ölkənin demokratiyasını şərtləndirən əsas amillərdən biridir. Gürcüstan mediası müstəqillik əldə etdiyi gündən indiyədək bir çox sınaqlara, təqiblərə və ya təzyiqlərə tab gətirərək çox çətin yoldan keçib.
Hakimiyyətə gəldiyimiz gündən siyasi komandamız mətbuatın müstəqilliyini təmin etməyi qarşısına əsas vəzifələrdən biri kimi qoyub. Biz bu məqsədlə bir sıra islahatlar aparmışıq. Bu gün Gürcüstanın media məkanı plüralist və azaddır, jurnalistikanın güclənməsi və daha da inkişafı üçün hər cür şərait yaradılıb. Mətbuat Azadlığı İndeksinə görə, Gürcüstan regionda şəksiz liderdir və bir çox Aİ üzvü olan dövlətləri qabaqlayır. Bütün bunlar hakimiyyətin və cəmiyyətin, bütövlükdə ölkəmizin mühüm nailiyyətidir. Hökumətimiz mətbuat azadlığının daha da inkişaf etdirilməsinə sadiqdir.
Sizi bundan sonra da dəstəkləməyə söz verirəm və gələcək peşəkar fəaliyyətinizdə uğurlar arzulayıram", - baş nazirin təbrik məktubunda deyilir.


