31 
Yan
2020
12:33
972

Gürcüstan parlamentinin erməni deputatı korrupsiyada ittiham olunur

“Beynəlxalq şəffaflıq – Gürcüstan” təşkilatı parlamentin deputatı Enzel Mkoyanın yaxın ailə üzvlərinə məxsus şirkətlərlə bağlı araşdırma aparıb.

InterPress.ge Report-a istinadən xəbər verir ki, araşdırmada həmin şirkətlərin 2010-2019-cu illərdə dövlət satınalmaları ilə bağlı 674 müqavilə imzalandığı bildirilib.

Yanacaq biznesi ilə məşğul olan həmin şirkətlər müqavilələr əsasında dövlət büdcəsindən 2 312 278 lari həcmində vəsait əldə edib.

Araşdırmada qeyd olunub ki, bu illər ərzində E.Mkoyan majoritar bürosu üçün yanacağı yalnız ailə şirkətindən alıb və həmin şirkətlər Samtxse Cavaxeti bölgəsində elan olunan dövlət tenderlərində qalib gəlib.

“Beynəlxalq şəffaflıq – Gürcüstan” təşkilatı Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya qarşı Mübarizə Agentliyi və Baş Prokurorluğu deputatın ailə üzvlərinə məxsus şirkətlərlə bağlı araşdırma aparmağa və mümkün korrupsiya əlamətlərini müəyyən etməyə çağırıb.

E.Mkoyan 20 ildir Gürcüstan parlamentinin üzvüdür. O, hazırda hakim Gürcü Arzusu Partiyasının Axalkalaki-Ninotsminda rayonu üzrə majoritar deputatdır.

Bizimlə əlaqə saxlayın