Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət Polisi Departamentinin və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitəni qanunsuz əldə etməyə və saxlamağa cəhd etməkdə şübhəli bilinən bir nəfəri saxlayıblar.
InterPress.ge xəbər verir ki, DİN-in məlumatına görə, hüquq-mühafizə orqanları şübhəlinin ifşa edilməsi məqsədilə onun adına göndərilmiş bağlamanın nəzarətli çatdırılmasını həyata keçirib. Nəticədə xüsusilə külli miqdarda – 6 kiloqramdan çox mefedron narkotik vasitəsi maddi sübut kimi götürülüb.
Aparılan istintaq tədbirləri nəticəsində saxlanılan şəxsin yaşayış evində keçirilən axtarış zamanı müxtəlif növ narkotik vasitələr, həmçinin narkotiklərin qablaşdırılması üçün nəzərdə tutulan materiallar da aşkarlanaraq götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-260-cı maddəsi ilə istintaq aparılır. Həmin maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
