Türkiyə Respublikasının Gürcüstandakı səfiri Mustafa Türker Ari Gürcüstan Xarici İşlər Nazirliyində olub. Görüşdə Batumidə “Beşiktaş” və “Hapoel Beer-Şeva” komandaları arasında keçirilən futbol matçı zamanı baş verən qarşıdurma müzakirə edilib.
InterPress.ge xəbər verir ki, Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, Gürcüstan tərəfi Türkiyə tərəfinin təxribatçı hərəkətlərə lazımi qiymət verəcəyinə və gələcəkdə oxşar halların qarşısının alınmasına kömək edəcəyinə ümidvar olduğunu bildirib. Məqsəd ayrı-ayrı qrupların məsuliyyətsiz hərəkətlərinin iki ölkə arasında mövcud olan dostluq münasibətlərinə və strateji tərəfdaşlığa xələl gətirməməsidir.
Nazirliyin yaydığı məlumatda qeyd olunur ki, 2026-cı il noyabrın 29-da Türkiyə Respublikasının Gürcüstandakı səfiri Mustafa Türker Ari Gürcüstan Xarici İşlər Nazirliyinə görüşə dəvət olunub.
Görüş zamanı Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsalia səfirə bildirib ki, Gürcüstan və Türkiyə arasında mövcud olan mehriban qonşuluq münasibətləri və strateji tərəfdaşlıq nəzərə alınaraq, “Beşiktaş” və “Hapoel Beer-Şeva” komandaları arasında matçın təhlükəsiz keçirilməsi ilə bağlı çətinliklərə baxmayaraq, Türkiyəli futbol azarkeşlərinə Batumidə stadion tribunalarından oyunu izləmək imkanı yaradılıb. Qeyd olunub ki, bu qərar xoş niyyət və tərəfdaşlıq münasibətləri ruhunda qəbul edilib və lazımi şəkildə qiymətləndirilməlidir.
Vurğulanıb ki, Gürcüstanın hüquq-mühafizə orqanları mümkün təxribatların qarşısını almaq, ictimai təhlükəsizliyi və asayişi təmin etmək üçün bütün zəruri tədbirləri həyata keçiriblər.
Nazir müavini azarkeşlərin ayrı-ayrı qruplarının təxribatçı və aqressiv hərəkətləri nəticəsində stadionun infrastrukturuna ciddi ziyan dəyməsindən və Gürcüstan Daxili İşlər Nazirliyinin bir neçə əməkdaşının xəsarət almasından təəssüfləndiyini bildirib.
Qeyd olunub ki, Gürcüstanın hüquq-mühafizə orqanları ictimai asayişin qorunması üçün qanunvericiliklə nəzərdə tutulan bütün zəruri tədbirləri görüblər. Nəticədə azarkeşlərin öz ölkələrinə təhlükəsiz şəkildə qayıtması təmin edilib.
Gürcüstan tərəfi Türkiyə tərəfinin təxribatçı hərəkətlərə lazımi qiymət verəcəyinə və gələcəkdə oxşar halların qarşısının alınmasına kömək edəcəyinə ümidvar olduğunu bildirib. Qeyd olunub ki, ayrı-ayrı qrupların məsuliyyətsiz hərəkətləri iki ölkə arasında dostluq münasibətlərinə və strateji tərəfdaşlığa kölgə salmamalıdır.
Görüşün sonunda tərəflər Gürcüstan və Türkiyə Respublikası arasında strateji tərəfdaşlığın və mehriban qonşuluq əməkdaşlığının daha da dərinləşdirilməsinin vacibliyini bir daha təsdiqləyiblər.
Xatırladaq ki, Batumidə “Beşiktaş” və “Hapoel Beer-Şeva” komandaları arasında keçirilən matç zamanı “Beşiktaş” azarkeşləri polislə qarşıdurmaya giriblər. Matçdan əvvəl klub azarkeşlərinin şəhər küçələrində yürüşü keçirilib və bu zaman bir neçə insident baş verib. Mövcud məlumata görə, azarkeşlər hüquq-mühafizə orqanlarının qanuni tələblərinə tabe olmayıb və polis əməkdaşlarına müxtəlif əşyalar atıblar.
