13 
Okt
2026
12:16
67

Azərbaycanda hicablı şagirdlərin təhsil hüququnun məhdudlaşdırılmasına Türkiyədən etirazlar

Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral və hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Bursa millət vəkili Müfit Aydın Azərbaycanda hicablı şagirdlərin təhsil hüququnun məhdudlaşdırılmasına etiraz ediblər.

InterPress.ge xəbər verir ki, bu barədə Türkiyənin Haber7 nəşri məlumat yayıb.

Oktay Saral sosial şəbəkə hesabında paylaşım edərək Azərbaycanda hicablı şagirdlərin təhsil hüququnun məhdudlaşdırılmasını qəbuledilməz adlandırıb.

“Azərbaycanda hicablı şagirdlərin təhsil hüququnun əngəllənməsi qəbuledilməzdir!

İnancına görə başını örtən bir şagirdi məktəbin qapısında saxlamaq hansı vicdana, hansı ədalətə sığır? Hicab maneə deyil, inancın tələbidir! Təhsil hüququ heç bir ideoloji məcburiyyətə qurban verilə bilməz!

Azərbaycanın bu yanlış addımdan ən qısa zamanda geri dönməsini gözləyirik. Gənclərin gələcəyinə mane olmaq deyil, onların yolunu açmaq lazımdır.

Bu dövrdə belə bir yanaşmaya əsla yol verilməməlidir!”, – deyə Saral bildirib.

AK Parti-nin Bursa millət vəkili Müfit Aydın da sosial şəbəkə hesabında hicabına görə məktəbin qapısından geri qaytarılan qızın görüntülərini paylaşaraq etirazını bildirib.

“Hicabına görə məktəbin qapısından geri qaytarılan bu qızcığazın yaşadıqları vicdanınızı sızlatmırmı?

Azərbaycan qardaşlığın tələbini yerinə yetirməli və bu tətbiqə dərhal son verməlidir!”, – deyə Aydın qeyd edib.

Bizimlə əlaqə saxlayın