25 
Avq
2026
19:15
63

İrakli Qaribaşvili: “Mən artıq sizin tamaşanızda iştirak etmirəm!”

Gürcüstanın həbsdə olan keçmiş baş naziri İrakli Qaribaşvili həbsxanadan daha bir məktub yayıb.

InterPress.ge xəbər verir ki, Qaribaşvili “bu utancverici siyasi maskaradda” daha iştirak etmək niyyətində olmadığını bildirib. O, məhkəmə iclaslarına qatılmaqda məna görmədiyini qeyd edərək, “Mən artıq sizin tamaşanızda iştirak etmirəm!” deyib.

Keçmiş baş nazirin sözlərinə görə, ona qarşı “amansız siyasi mübarizə, ədalətsizlik və şər” qarşısında yeganə yolu və mübarizə vasitəsi həqiqətdir. O, həqiqəti ictimaiyyətə açıqlayacağını və son qərarı xalqın verəcəyini bildirib.

“Dünən hakimiyyət ötən həftə dərc etdiyim məktubun həqiqiliyini özü təsdiqlədi. Cəmiyyətə bir daha demək istəyirəm ki, bu prosesdən yayınmaq üçün əlimdən gələn hər şeyi etdim və maksimum səy göstərdim. Lakin özümü amansız reallıq qarşısında gördüm.

Bu, mənə qarşı amansız siyasi mübarizə, ədalətsizlik və şərdir. Artıq bu utancverici və ölkəmiz üçün təhqiredici siyasi maskaradda iştirak etmək niyyətində deyiləm. Buna görə də məhkəmə prosesində də iştirak etməyəcəyəm. Mənim maraqlarımı yalnız vəkillərim təmsil və müdafiə edəcəklər.

Bununla heç kimi – nə prokurorları, nə də hakimləri təhqir etmək niyyətində deyiləm. Sadəcə olaraq, bunun siyasi proses olduğunu və sistemin siyasi prosesi necə idarə etdiyini bildiyim üçün məhkəmə iclaslarına getmək və siyasi maskaradda iştirak etməkdə məna görmürəm. Mən artıq sizin tamaşanızda iştirak etmirəm!

Həmçinin məni maraqlandırmır ki, sizin tərəfinizdən psixoloji və mənəvi təzyiq metodları ilə hansı məhbusa və ya girova mənim haqqımda nə yazdıracaqsınız və mənə hansı ittihamı irəli sürəcəksiniz.

Artıq baş verməli olan baş verib. Buna görə də mənim yeganə yolum və mübarizə vasitəm öz həqiqətimdir. İctimaiyyətlə açıq danışmaq və öz həqiqətimi söyləmək niyyətindəyəm. Qoy xalq mühakimə etsin!” – deyə Qaribaşvili yazıb.

Qeyd edək ki, Gürcüstanın həbsdə olan keçmiş baş naziri İrakli Qaribaşviliyə 24 avqustda qrup halında xüsusilə külli miqdarda rüşvət alma işi üzrə yeni ittiham irəli sürülüb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər