Marko Rubio: ABŞ ASEAN-la tərəfdaşlığı gücləndirmək üçün bütün imkanlarından istifadə edəcək
ABŞ dövlət katibi Marko Rubio Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) ilə ABŞ arasında keçirilən nazirlər görüşündən sonrakı konfransda Vaşinqtonun ASEAN qarşısındakı öhdəliklərinin təkcə sözlə deyil, konkret addımlarla da təsdiqləndiyini bildirib.
InterPress.ge xəbər verir ki, Filippinin paytaxtı Manilada keçirilən konfransda çıxış edən Rubio ABŞ-nin bu münasibətləri gücləndirmək üçün hökumətin əlində olan bütün imkanlardan, o cümlədən xarici yardım mexanizmlərindən istifadə edəcəyini deyib.
Onun sözlərinə görə, ABŞ hökuməti Cənub-Şərqi Asiyada bir neçə milyard dollar həcmində investisiya həyata keçirir ki, bu da Vaşinqtonun regiona sadiqliyini nümayiş etdirir.
“Bu səylər çərçivəsində biz Cənub-Şərqi Asiyada ABŞ hökumətinin 2,5 milyard dollar həcmində strateji investisiyalarını həyata keçiririk və bununla regiona sadiqliyimizi bir daha təsdiqləyirik. Biz bu investisiyaları ona görə edirik ki, ASEAN-ın inkişafı ABŞ-nin maraqlarına uyğundur. Bu xeyriyyəçilik deyil. Biz bunu yalnız yaxşı insanlar olduğumuz üçün etmirik, baxmayaraq ki, düşünürəm ki, həqiqətən də eləyik. Biz bunu milli maraqlarımıza uyğun olduğu üçün edirik. Sizin hər bir ölkənizlə və bütövlükdə regionla tərəfdaşlığımız ABŞ-nin milli maraqlarına xidmət edir və biz bundan heç vaxt imtina etməyəcəyik”, – deyə Rubio bildirib.
ABŞ dövlət katibi əlavə edib ki, dünyada baş verən hadisələrdən və digər ölkələrlə ikitərəfli münasibətlərdən asılı olmayaraq, Vaşinqton öz müttəfiqləri, tərəfdaşları və milli maraqları hesabına heç vaxt güzəştə getməyəcək.
“Burada təmsil olunan hər bir ölkə ilə münasibətlər ABŞ-nin milli maraqlarına uyğundur”, – deyə Marko Rubio vurğulayıb.


