Bıçaqlı şəxs vətəndaşı və patrul əməkdaşını yaralayıb
Tbilisidə bir vətəndaşı və patrul-inspektoru bıçaqlayaraq hadisə yerindən qaçmağa cəhd edən şəxs polis tərəfindən saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Patrul Polisi Departamentinin Tbilisi Baş İdarəsinin əməkdaşları Çuğureti rayonunda patrul xidməti apararkən əlində bıçaq olan şəxsi görüblər. Həmin şəxs yaxınlıqdakı bir vətəndaşa xəsarət yetirmiş və soyuq silahla onu təqib etməyə davam edirmiş.
Polis əməkdaşları kişidən hərəkətlərini dayandırmağı tələb etsələr də, o, hüquq-mühafizə orqanlarının qanuni göstərişinə tabe olmayıb, aqressiv davranaraq polisə hücum edib. Bu zaman o, patrul-inspektorlardan birinə bıçaqla xəsarət yetirib və hadisə yerindən qaçmağa cəhd göstərib.
Polis əməkdaşlarının təqibi nəticəsində şübhəli şəxs yaxın ərazidə saxlanılıb.
Nazirliyin məlumatına əsasən, yaralanan vətəndaş və xəsarət alan patrul-inspektor tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdiriliblər. Onların həyatına təhlükə olmadığı bildirilir.
Cinayətin törədilməsində istifadə olunan bıçaq maddi sübut kimi götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci (qəsdən adam öldürməyə cəhd) və 353-cü prima (hüquq-mühafizə orqanı əməkdaşına hücum) maddələri ilə istintaq aparılır. Bu cinayətlər 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


