05 
Iyn
2026
11:23
206

FBI tərəfindən axtarılan şəxs Tbilisi hava limanında saxlanılıb

Gürcüstan hüquq-mühafizə orqanları beynəlxalq axtarışda olan şəxsi Tbilisi Beynəlxalq Hava Limanında saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamenti və Gürcüstan Baş Prokurorluğunun əməkdaşları ABŞ Dövlət Departamenti ilə imzalanmış birgə bəyannamə çərçivəsində, ABŞ Federal Təhqiqat Bürosu (FBI) ilə sıx koordinasiya nəticəsində müxtəlif ağır cinayətlərdə ittiham olunan və beynəlxalq axtarışda olan şəxsi saxlayıblar.

Bildirilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları aparılmış istintaq tədbirləri nəticəsində həmin şəxsi Tbilisi Beynəlxalq Hava Limanında yaxalayıblar.

Saxlanılan şəxs ABŞ Federal Təhqiqat Bürosunun (FBI) tələbi əsasında axtarışda olub. O, cinayət fəaliyyətinə yardım və iştirakçılıq, cinayət məqsədli sövdələşmə və çirkli pulların yuyulması da daxil olmaqla müxtəlif cinayətlərdə ittiham edilir.

Hazırda saxlanılan şəxslə bağlı qanunvericilikdə nəzərdə tutulmuş ekstradisiya prosedurları həyata keçirilir.

“Gürcüstan Daxili İşlər Nazirliyi uzun illərdir ki, ABŞ-ın hüquq-mühafizə orqanları ilə müxtəlif istiqamətlərdə, o cümlədən mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində uğurla əməkdaşlıq edir”, – deyə məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın