11 
Fev
2026
11:43
114

Cey Di Vens: ABŞ və Azərbaycan arasında uzunmüddətli strateji tərəfdaşlıq mövcuddur

ABŞ-ın vitse-prezidenti Cey Di Vens Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən birgə mətbuat konfransında bildirib ki, ABŞ və Azərbaycan arasında mühüm və uzunmüddətli strateji tərəfdaşlıq mövcuddur.

ABŞ və Azərbaycan arasında “Strateji tərəfdaşlıq haqqında Xartiya”nın imzalanmasından sonra çıxış edən Vens qeyd edib ki, iki ölkə arasında əlaqələr dərin və davamlı xarakter daşıyır.

“Bunu çox adam bilməyə bilər, lakin Azərbaycan Əfqanıstandan çıxan son ölkələrdən biri idi. Biz çətin şəraitdə əməliyyatlar apardıq və o zaman nüfuzumuzu qoruyub saxlaya bildik”, – deyə Vens vurğulayıb.

Vitse-prezident həmçinin bildirib ki, “Trampın beynəlxalq sülh və rifah yolu” (TRIPP) artıq qüvvədədir və bu təşəbbüs Azərbaycan üçün əlavə iqtisadi imkanlar yaradacaq, xüsusilə təbii resursların ixracını asanlaşdıracaq.

Onun sözlərinə görə, bu proses Ermənistan və Azərbaycan arasında sülh sazişinin davamlılığı üçün əlavə impuls verəcək.

“Konflikt və müharibələrin qarşısını ala biləcək ən mühüm amillərdən biri iki xalqın daha böyük rifah naminə birlikdə çalışmasıdır. Sülh ABŞ Prezidentinin, Azərbaycan Prezidentinin və Ermənistanın Baş nazirinin səyləri nəticəsində əldə olunub. Birgə səylər nəticəsində əvvəllər müharibə olan yerdə sülh bərqərar oldu. Gələcəkdə isə əvvəllər yalnız münaqişə olan məkanda rifah yaradacağıq”, – deyə Cey Di Vens bildirib.

Bizimlə əlaqə saxlayın